Bu gün Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur. Sputnik xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirib ki, iclasda 4 məsələyə baxılacaq.

RePost.Az xəbər verir ki, bunlar "2017-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələridir.

Maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə layihəsi əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir və yeni çağırışları nəzərə alır: "Neft bazarında təkilfin artması neftin qiymətinin hələ də aşağı səviyyədə olmasını şərtləndirir. Bu, xarici valyutaların daxilomalarını azaldıb".

"Manatın məzənnəsi cari ildə təzyiqlərə məruz qalmaqdadır. Bank sistemində pozulmuş sabitlik, dollarlaşma meylləri, ötən dövrdə ÜDM-in azalması, və s. yeni makroiqtisadi vəziyyətin mürəkkəbliyini səciyyələndirir", — nazir bildirib.

O, əlavə edib ki, cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkədir: "Əsas məqsəd valyuta bazarında gərginliyi aradan qaldırmaqla sabitliyi bərpa etməkdir".

Nazir həmçinin qeyd edib ki, dövlət büdcəsində xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.

“Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/bareldən daha da azalması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması (2017-ci ildə ÜDM-in 1%, qeyri-neft sektoru üzrə ÜDM-in 2,5% artımı), artımın gec olması və xarici mühitdəki digər mənfi meyillər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər”, - Samir Şərifov bildirib.

RePost.Az


Baxış sayı: 3466 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz