Növbəti ildən etibarən bütün dövlət xəstəxanaları publik hüquqi şəxsə çevriləcək. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. 
 
RePost.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Xəzər TV-yə deyib ki, dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsi icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə bağlıdır.
 
İcbari tibbi sığorta sisteminin mövcudluğu şəraitində dövlət xəstəxanası statusunun qalması sığorta münasibətlərinin tam həyata keçirilməsinə mane olur.
 
Nazirlik rəsmisi dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib. Pərviz Abubəkirov deyir ki, vətəndaşların narahatlığına heç bir əsas yoxdur.
 
Pərviz Abubəkirov vurğulayıb ki, icbari tibbi sığorta sistemində baza zərfinə aid olmayan tibbi xidmətlər, transplantasiya, estetik, kosmetik müalicə və əməliyyatlar dövlət xəstəxanalarında pullu olacaq.
 
İcbari Tibbi Sığorta Agentliyindən də Xəzər Xəbər-ə bildirildi ki, icbari tibbi sığorta tam tətbiq edildiyi zaman baza zərfinə daxil olmayan xidmətlərin sayında və çeşidində dəyişikiklər ola bilər. Sistem tam işə düşdükdən sonra icbari sığorta sisteminin əhatə etməyəcəyi tibbi xidmətlər publik hüquqi şəxsə çevriləcək dövlət xəstəxanalarında pullu olacaq.
 
RePost.Az


Baxış sayı: 3827 | Tarix: 05.12.2018
Bizi Telegramda izləyin: @repostaz