Sabirabad rayonunda qeyri-rəsmi nikahda yaşadığı arvadını öldürməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Xanbala Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
RePost.Az “publika.az”a istinadən xəbər verir ki, 9 mart 2017-ci il tarixdə, saat 07 radələrində Sabirabad rayonu, Kovlar kəndindəki fərdi yaşayış evində Xanbala Cəfərova qeyri-rəsmi nikah münasibətlərində olduğu Şahnisə Muradova spirtli içkilər qəbul etməsini irad tutub.
 
Boğub öldürdü
 
Bu zəmində Xanbala Cəfərov arvadı ilə mübahisə edib. Arvadının ona kobud cavab verməsindən qəzəblənən Xanbala Cəfərov qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
 
Xanbala Cəfərov bu niyyətlə Şahnisə Muradovanın boğazından tutaraq sıxıb və qadın həmin zaman boğularaq ölüb.
 
Xanbala Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində Sabirabad rayon Prokurorluğunda toplanan cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
“Axşamdan içdiyimdən...”
 
Məhkəmədə ifadə verən Xanbala Cəfərov özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.
 
Xanbala Cəfərov bildirib ki, martın 8-də onlar qudasıgildən evlərinə qayıtdıqdan sonra arvadı Şahnisə onun spirtli içkilərə pul tapdığı halda dişlərini düzəltdirməyə pul tapmadığından gileylənməyə başlayıb:
 
“Səhər gün saat 06 radələrində yuxudan durdum, otağın soyuq olduğunu gördüyüm üçün qaz peçini yandırdım. Qazı çox açmışdım ki, otaq tez qızsın.
 
Şahnisə də mənimlə bərabər yuxudan oyandı. Mənə səhər yeməyi hazırladı və yataq otaqlarında peç ilə televizorun arasında yerdən süfrə saldı. Axşamdan içdiyimdən möhkəm başı ağrıdığından, yəni “paxmel” olduğumu fikirləşdim”.
 
“Arvadım sakitləşmədi”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu səbəbdən evdə olan yarımçıq araq şüşəsindən 100 qram süzüb və həmin arağı hamısını içib:
 
“Bu zaman Şahnisə də gəldi, döşəyin üstündə yarı uzanmış kimi uzandı. Sonra deyinməyə başladı ki, arağa pul tapırsan, hər şeyə pul tapırsan, hər yerə getməyə pul tapırsan, amma mənim nə dişlərimi düzəltdirirsən, nə də ki Şamaxıda yaşayan qardaşımgilə aparırsan.
 
Bundan sonra Şahnisəyə dedim ki, sənə demişəm axı həyətimizdə əkdiyimiz paxla yetişib, satan kimi sənin dişlərini düzəltdirəcəm. Artıq Şahnisənin sözündən daha da əsəbiləşdim. Arağın hamısını içdim.
 
Sonra arağın butulkasını görən olmasın deyə pəncərədən kanala tərəf tulladım. Lakin, Şahnisənin getdikcə qızışıb, deyinməyə başladığından və ona “bəsdi” deməyimə, “qardaşıgildən təzə gəldiyini, nə var gündə-gündə qardaşıngilə getmək istəyirsən?”, - deməyimə baxmayaraq sakitləşmədi”.
 
“Şahnisənin ayağı peçə dəydi”
 
Xanbala Cəfərov qeyd edib ki, bu zaman Şahnisə daha da çox deyinməyə başlayıb:
 
“Şahnisə mənə “cəhənnəmə apar, o paxlanında içinə zibil olsun, heç xeyrini görməyəsən, o nə vaxt çıxacaq ki, sənin də pulun olacaq”, - deyə nalayiq sözlər danışmağa başladı. Onun nalayiq sözlər danışdığını gördüm, daha da əsəbiləşdim.
 
Sağ əlimlə Şahnisənin boğazından tutaraq, var gücümlə sıxdım, ona “kəs səsini, başımı xarab elədin lap”, - deyə söyləndim. Bu zaman Şahnisənin ayağı çabaladığından peçə dəydi.
 
Şahnisə məni özündən aralamaq üçün çiyinlərimdən itələdi. Həmin vaxt mən də Şahnisəni elə yerin içinə uzanıqlı vəziyyətdə atdım. Onun ünvanına söyə-söyə iş yerimdə yemək üçün qoyulmuş salafanın içindəki çörək və soyutma yumurtanı götürdüm, sonra da otaqdan çölə çıxdım.
 
Əsəbimdən heç Şahnisə tərəfə baxmadım, köhnə ayaqqabılarımı geyindim, çöl darvazanın qapısından çıxdım. Sonra qapının açılmaması üçün də içərdən olan cəftəni bir qədər qabağa etdim. Həmin vaxt cəftə qapıya dirəndiyindən qapı örtülü dayandı”.
 
“Evə gəlməyimi bildirdilər”
 
Xanbala Cəfərovun ifadəsinə görə, bundan sonra asvalt yola tərəf gedib, kəndarası asvalt yola çıxanda həmkəndliləri Mikayıl Abbasovu və Heydar Baxşıyevin heyvanlarını çölə ötürdüklərindən görüb:
 
“Onlarla salamlaşdım, yol ilə iş yerim tərəfə yollandım. Yolda həmkəndlim Rasim Abbasovun “VAZ-2107” markalı avtomaşınla işə getdiyini gördüm, sonuncuya əl edərək saxlatdım.
 
Onun idarə etdiyi maşına əyləşdim, rayonun Axıska kəndində yolun kənarında tikinti materialların satılan yerdə avtomaşından düşdüm. Təxminən 100 metr getdikdən sonra işlədiyim Ramin Heydarovun sexinə getdim.
 
Məndən təxminən 30-35 dəqiqə sonra birlikdə orada fəhləlik edən kürəkənim Mirfaiq Ağayev gəldi. Mənə sexin üstünə şifer vurmağa köməklik etməyə başladı.
 
Təxminən saat 10 radələrində əmim nəvəsi və qonşumuz olan Rəhim istifadəmdə olan mobil telefona zəng etdilər, arvadım Şahnisənin zəhərləndiyindən evə gəlməyimi və təcili yardım çağırdıqlarını bildirdilər”.
 
“Otağa “uqar qaz” dolub və arvadım ölüb”
 
Xanbala Cəfərov qeyd edib ki, işini yarımçıq qoyub, onun arxasınca gələn birinci arvadı Zeynəbin qardaşı Azərin maşını ilə evə yollanıb:
 
“Evə çatdıqda həkimin artıq Şahnisənin öldüyünü bildirdi. Həmin vaxt Şahnisənin boğazından tutaraq boğmağımdan ölməsini heç ağlıma da gətirməmişdim. Çünki orada olan qonşular danışdı ki, peçin turbası aralandığından otağa “uqar qaz” dolub və arvadım ölüb.
 
Həmin vaxt fikirləşdim ki, Şahnisənin ölməsi ola bilsin uqar qazdan olub. Bundan sonra həmin yerə polis və prokurorluq əməkdaşları gəldilər. Şahnisənin öldüyü yerə baxış keçirib, meyiti xəstəxananın morquna apardılar.
 
Sonradan bildim ki, ekspert Şahnisənin ölməsini əl ilə bağazının sıxılması nəticəsində baş verməsi barədə rəy verib. Bundan sonra Şahnisənin boğazından tutub, boğmağımla bağlı qorxumdan heç kimə bir söz demədim”.
 
Xanbala Cəfərovun ifadəsinə görə, sonradan aparılan araşdırmalar zamanı Şahnisənin onun boğması nəticəsində ölməsi prokurorluqda müəyyən olunub, o, prokurorluq əməkdaşları tərəfindən həbs olunub.
 
“Ceyhun düşünüb ki, Şahnisə Xanbalanı öyrədib”
 
Cinayət işi üzrə şahid qismində ifadə verən Solmaz Muradova bildirib ki, mərhum baldızı Şahnisə ilə onun münasibətləri yaxşı olub:
 
“Şahnisənin əri Xanbala ilə də münasibətlərim yaxşı olub. Təxminən 2015-ci ildə Şahnisənin əvvəl Xanbalanın boşanıb evə qayıtmış qızı, sonra isə onunla birgə yaşayan oğlu Ceyhun və gəlini Südabə ilə münasibətləri pisləşib.
 
Buna səbəb evdən Südabənin qızılının itməsi olub. Sonradan qızılları Xanbalanın qızı götürüb gizlətdiyi məlum olub. Buna kimi Südabə Şahnisədən şübhələnib.
 
Bundan sonra Ceyhun inəklərini satmaq istəyib. Lakin Xanbala buna razılıq verməyib. Ceyhun da düşünüb ki, Şahnisə Xanbalanı öyrədib”.
 
“Buna inanmadıq”
 
Solmaz Muradovanın sözlərinə görə, martın 9-da onlara Şahnisənin ölüm xəbəri gəlib:
 
“Əri Məmməd Muradov və ərinin digər qohumları ilə Şamaxı rayonundan Sabirabad rayonunun Kovlar kəndinə gəldik. Oraya çatdıqda artıq Şahnisənin meyitinin yuyulması üçün həyətdə yer hazırlandığını gördük.
 
Şahnisənin dəm qazından zəhərlənmədən ölməsi bildirilsələr də, buna inanmadıq. Şahnisənin meyiti morqa aparılarkən bacım Telistan və Bağırlı kəndində yaşayan əmim qızı Gülüstanla birlikdə Şahnisənin meyitindəki paltarları soyundurduq.
 
Bu zaman Telistan morqdan çıxıb meyitin boynunda cızıqlar olduğunu dedik. Morqda müayinə işləri qurtarandan sonra meyit bizə verildi. Meyiti kəndimizə apararaq yuduqda onun boynundakı sıyrıqları, topuğunda göyərti gördük, boyun sümüyünün sındığını hiss etdik.
 
Hətta meyitin boğazından gələn qanı çətinliklə pampıq tıxayıb dayandırdıq. Bu hal Şahnisənin öldürülməsinə şübhələrini artırdı. 5 aydan sonra onlara məlum oldu ki, Şahnisənin əri Xanbala boğub öldürdüyünü etiraf edib”.
 
13 il cəza və məhkumun xahişi
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanbala Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xanbala Cəfərov apelyasiya şikayəti verib.
 
Xanbala Cəfərov əməlində cinayət tərkibi olmadığını, ittiham olunduğu maddə üzrə ona bəraət verilməsini xahiş edib.
 
Xanbala Cəfərovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
 
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, Xanbala Cəfərovun apelyasiya şikayəti təmin olunmayıb.

Baxış sayı: 3675 | Tarix: 13.12.2018
Bizi Telegramda izləyin: @repostaz