Dünyada ən çox sevilən növün futbol olması futbolçuların cibinə təsirsiz ötüşə bilməz.

RePost.Az “Futbol+” qəzetinə istinadən azərbaycanlı futbolçuların sürdükləri bahalı maşınları təqdim edir:

“Porsche Panamera 4S”

Ən bahalı maşın sürən futbolçu Maksim Medvedevdir. Uzun illər “Mazda 6”da gəzən yığma üzvü bu il dəyişiklik etmək qərarına gəldi. Amma kiminsə “çapdığı” avtomobilə ehtiyac duymadı. Salona getdi, pulunu saydı və “yağ içində olan” “Porsche Panamera 4S”i adına keçirdi. Bu modelin 2018-ci il buraxılışının bazar qiyməti 130-140 min avrodur. Yəni 260-270 min manat. Halbuki Maksim bu qiymətdə maşını indi yox, bir neçə il əvvəl də ala bilərdi. Ağılla hərəkət etməyi üstün tutub, öncə ev-obyekt sahibi oldu, daha sonra sürəti düşündü.

“Range Rover”

Adı dillər əzbəri olan Rəşad Sadıqov heç vaxt maşın həvəskarı olmayıb. Hətta gənc yaşlarında, əli böyük pullarla oynayanda belə. Bir müddət sükan arxasında oturmaqdan vaz keçən Sadıqov iki il əvvəl yenidən avtomobil sahibi olmağı qərara aldı. Tanışlarının köməyilə Bakıya sürülməmiş “Range Rover” gətirtdi. İllərdir işlətdiyi 10-RS-014-ü də “belinə bağladı”.

2013-cü il buraxılışı olan “ceyran”ın bazardakı qiyməti 80-85 min dollar aralığında dəyişir. Təxminən 135-145 min manat. Rəşadın “Range Rover” almasından sonra bu model dəbə mindi. İndi həmin şirkətin eyni məhsulundan Qurban QurbanovRəşad Sadiqov və Əmrah Çəlikəl (“Qarabağ”ın direktoru – red.) də yararlanır.

“Mercedes G-class”

Avtomobil həvəskarları arasında “qalenvagen” və ya “qalik” kimi tanınan bu model son illər ölkəmizdə dəbdən düşmək bilmir ki, bilmir. Vaxtilə ərəb şeyxləri üçün istehsal olunan “qalenvagenlər”i bizdə pullu kişilər, ya da onların övladları sürür. Bir müddət əvvələ kimi Ruslan Qurbanovda da bu modeldən vardı.

“Səbail”in futbolçusu onu “BMW”yə dəyişəndən sonra indi “qalik” sürən yeganə futbolçu Elvin Yunuszadədir. Qara rəngli “canavar”da gəzən Elvinin maşını “brabus”a yığıldığından olduqca cəlbedici görünür. Amma yeni deyil, 2009-cu il buraxılışıdır, nömrəsi 90-KO-555. Bu ilin “qaliklər”inin qiyməti 60-65 min dollardır. Təxminən 100-110 min manat.

“Porsche Panamera”

Mahir Mədətov hələ uşaq yaşlarından qapılarında bahalı maşınlar görüb. Atasının prodüser, əmisinin tanınmış olması avtomobil seçimlərinə təsirsiz ötüşməyib. Amma bir müddət sükan arxasında oturmadı. İndi isə “Porsche Panamera”sı var.

Deyilənə görə, 2011-ci il buraxılışıdır. Nömrəsi də 99-MM-099. Bu modelin 2011-ci ilinin məhsulu avtomobil bazarında 40-45 min dollara, təxminən 70-75 min manata satılır.

“Maserati Quattroporte”

O da yaman rahatlığına fikir verən, dost-tanış arasında samballı görünmək həvəskarı olan futbolçulardandır. Yığmada və “Qarabağ”da çıxış etməsinə, vaxtilə “Neftçi” ilə “Qəbələ”nin formasını geyinməsinə, üstəlik, legioner həyatı yaşamasına baxmayaraq, Araz Abdullayevmaşına dünyanın pulunu verməkdə maraqlı deyil. Ona görə də iki ildən çoxdur eyni maşının sükanı arxasında görüntülənir – 10-BX-007. 2012-ci ilin “mazeratti”sinin qiyməti təxminən 40 min dollardır, aşağı-yuxarı 70 min manat.

Başqaları

Bu gün hazırda top dalınca qaçan futbolçuların ən bahalı avtomobillərinin siyahısı ilə tanış oldunuz. Maraqlı gəldisə, digər oyunçuların “dəmir dostlar”ı ilə də tanış olun.

Cavid Hüseynov – “BMW X5”

Kamran Ağayev – “BMW X5”

Arif Daşdəmirov – “Lexus GS350”

Bədəvi Hüseynov – “Lexus GS350”

Ruslan Qurbanov – “BMW 320 M3”

İlqar Qurbanov – “BMW 320 M3”

Coşqun Diniyev – “Hyundai Azera”

Namiq Ələsgərov – “Chevrolet Camaro”

Tural Axundov – “Audi Q7”

Elvin Məmmədov – “Jeep Grand Cherooke”


Baxış sayı: 5917 | Tarix: 08.01.2019
Bizi Telegramda izləyin: @repostaz