Beyləqan rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş 1980-ci il təvəllüdlü Muxtar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RePost.Az “teleqraf.com”a istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi Beyləqan rayonun Dünyamalılar kəndində baş verib.
Muxtar Mustafayev arvadı Aygün Sarıyevanın həyətdə ipdən asılmış alt paltarlarının 27 yaşlı həmkəndlisi Əli Bayramov tərəfindən bir neçə dəfə götürülməsindən şübhələnib.
İpdən oğurlanan paltar
Muxtar Əlinin onun qayınatasıgilin evindən də qadın alt paltarı götürdüynü görüb. Bundan sonra arvadına məxsus paltarları Əlinin apardığına əmin olub.
Muxtar Mustafayev Əli Bayramovun valideynlərindən onun bir daha kənddə görünməməsini tələb edib.
Lakin bir müddət sonra, 11 yanvar 2018-ci il tarixdə, saat 22-23 radələrində yaşadığı evdən küçəyə çıxan Muxtar Mustafayev Əli Bayramovu qonşuda, atası Əlövsət Bayramova məxsus evin həyət darvazası qarşısında dayanıb telefonla uca səslə danışdığını görüb.
Bundan əsəbiləşən Muxtar Mustafayev onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evə qayıdıb, ov tüfəngini götürərək geri dönüb, Əlövsət Bayramovun yaşadığı evin həyətinə girib.
Tüfəngi atəş vəziyyətinə gətirib, həyətdə Əli Bayramovun atası Əlövsətin, arvadı Gülnarın və bu evə qonaq gəlmiş Maarif Cəfərovun həyatını da təhlükəyə ataraq, onların gözləri qarşısında Əli Bayramova atəş açıb.
Əli Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Muxtar Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Qadın alt paltarlarını götürdüyünü dedi”
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, atası Əlövsət Bayramov bildirib ki, Muxtar Mustafayevi həmkəndlisi kimi tanıyıb, əvvəllər aralarında narazılıq olmayıb:
“2017-ci ilin aprel-may aylarında Muxtar qaynanası Emilya, qayınatası Əli və qaynı arvadı Nuranə ilə birlikdə bizə gəldilər. Muxtar oğlumun onun qayınatasıgilin evindən qadın alt paltarları götürdüyünü dedi.
Həmin vaxtdan Əli işlə əlaqədar ailəsi ilə Beyləqan şəhərinə köçdü. Əli arabir kəndə gəlib, bizə baş çəkirdi, üç-dörd gün kənddə qaldıqdan sonra gedirdi”.
“Gül kolunun üstünə yıxıldığını gördüm”
Əlövsət Bayramovun sözlərinə görə, arvadı Mehriban cərrahiyyə əməliyyatı olunduğu üçün oğlu Əli Bayramov 11 yanvar 2018-ci il tarixdə ailəsi ilə onlara gəlib:
“Həmin gün qaynım Vahid, Vahidin arvadı Səxavət, kürəkəni Maarif, Maarifin arvadı Əfsanə və onların iki azyaşlı uşaqları da Mehribana baş çəkmək üçün bizə gəlmişdilər.
Saat 22-23 radələrində onlar evə getmək üçün həyətə düşdülər. Vahid maşınını işə saldı. Səxavət, Əfsanə və Əfsanənin iki azyaşlı uşağı maşına əyləşdilər.
Mehriban, gəlinim Gülnar, onun azyaşlı uşağı, digər oğlum Ceyhun həyətdə bir yerdə, Maarif isə avtomaşının yanında həyətdə dayandıq. Əli əlində gödəkcə hamamdan çıxdı, gödəkcənin qolunu geyinə-geyinə maşına minmək üçün hamamın səkisinin qırağına doğru gəlməyə başladı.
Bu vaxt atəş səsi gəldi. Əliyə doğru baxanda onun hamamın qırağındakı gül kolunun üstünə yıxıldığını gördüm”.
“Ağır cəza verilməsini istəyirəm”
Mərhumun atası qeyd edib ki, bu vaxt atəşi Muxtarın açdığını görüb:
“Muxtar iki atəş açan kimi qaçdı. Biz Əlinin yanına gedərək onu Vahidin avtomaşınına qoyduq və Beyləqan rayon Mərkəzi Xəstəxanasına apardıq. Tibbi yardım göstərilməsinə baxmayaraq oğlum az sonra xəstəxanada öldü.
Təqsirləndirilən Muxtar Mustafayevdən şikayətçiyəm, ona ağır cəza verilməsini istəyirəm”.
“Arvadının alt paltarını oğurladığını bildirdi”
Şahid qismində ifadə verən mərhum Əli Bayramovun həyat yoldaşı Gülnar Bayramova deyib ki, 2014-ci ilin təxminən aprel ayının əvvəllərində həmkəndliləri Muxtar Mustafayev qohumları ilə onlara gəliblər:
“Muxtar Əlinin onun arvadı Aygünün alt paltarını oğurladığını bildirdi, Əli isə bundan xəbərinin olmadığını söylədi. Muxtar bizimlə mübahisə edərək getdi.
Bundan sonra biz işlə əlaqədar Beyləqan şəhərinə köçüb Əlinin dayısı Vahidin həyətindəki evdə yaşadıq, arada kəndə gəlib-gedirdik”.
Gülnar Bayramova daha sonra ifadəsində göstərib ki, Muxtar Mustafayev qohumu olan bir qadınla intim münasibəti olub:
“Muxtar öz yaxın qohumu olan qadınla münasibətdə olmuşdu. Əli bundan xəbərdar idi. Muxtar Əlini bu səbəbdən öldürüb. Əlinin arvad paltarları oğurlaması yalandır”.
17 il cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muxtar Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Muxtar Mustafayev apelyasiya şikayəti verib.
Şikayətdə göstərib ki, Əli Bayramovu arvadının alt paltarını oğurladığı üçün öldürüb. O, xüsusi amansızlıq göstərmədiyini deyib.
Bu səbəbdən Muxtar Mustafayev barəsində olan hökmün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilməsini, aşağı həddə cəza təyin olunmasını xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. O, Muxtar Mustafayevə əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə də ittiham verilməsini, cəzasının ağırlaşdırılmasını tələb edib.
Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Tərəflərin şikayəti təmin olunmayıb.
RePost.Az