Ölkə ərazisində hökm sürən güclü külək Bakı və Sumqayıtda bir sıra fəsadlar törədib.

RePost.Az-ın məlumatına görə, külək Sumqayıt şəhəri, 13-cü mikrorayondakı ATS-in binasının damını uçurub. Hadisə zamanı xəsarət alan olmayıb. 
Bakıda isə Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli binanın damında quraşdırılmış plastik su çənini yerə atıb. Küləyin təsiri nəticəsində yerindən oynayan su çəni daha sonra həyətə yuvarlanıb.
Çən həyətdə park edilmiş “Mitsubishi Outlander” markalı minik avtomobilinin üstünə düşüb. Nəticədə avtomobil şüşələri qırılıb, ban hissəsi tamamilə əzilib.
Xoşbəxtlikdən hadisə vaxtı maşında heç kim olmayıb.

“Binə” ticarət mərkəzində isə orta yaşlı kişinin üstünə reklam lövhəsi aşıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Yaralının həyatı üçün təhlükənin olmadığı bildirilir.

RePost.Az


Baxış sayı: 4093 | Tarix: 17.01.2019
Bizi Telegramda izləyin: @repostaz