2016-cı il ərzində 6 şəxs cinayət başında tutulub. RePost.Az-ın məlumatına görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb. Korrupsiya cinayətləri üzrə axtarışda olan 24 nəfər tutulub.
Hesabat dövründə Baş İdarə tərəfindən 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub.
İdarə tərəfindən cinayət işləri üzrə vurulmuş 202 milyon manat məbləğində ziyanın 33 milyon manatının ödənilməsi təmin edilib. 78 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Əliyev qeyd edib ki, ümumilikdə 2016-cı ildə Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb. Araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.
K. Əliyev qeyd edib ki, 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib.
RePost.Az