Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclaslarında qaldırılan vəsatətlər elan olunub. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib. İttihama əsasən 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitini isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, daha əvvəl C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
Böyük Britaniyada Zamirənin Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır
Hazırda Britaniyada Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın da işi üzrə araşdırmalar aparılır. Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi olan qadın hazırda Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır. Evin hazırkı qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir. Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı 10 il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf kulubunu alıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.
Xanım Hacıyeva alış-verişləri üçün ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.
Beynəlxalq Bankı “xortumlayan” dəstənin əsas fiquru Xəqani Bəşirovun izləri niyə itirilib?
Bu məlumatlar dolayısı ilə C.Hacıyevin bu gün üzləşdiyi ittihamların heç də əsassız olmadığını ortaya qoyur. Digər maraqlı bir məqam da ondan ibrarətdir ki, C.Hacıyevin üzləşdiyi ittihamlarla vaxtilə Xəqani Bəşirov ittiham olunurdu. Bu gün Fransada yaşayan Xəqani Bəşirov Azərbaycan Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantlardan biri idi. Onun əsas fəaliyyəti Azərbaycandan pulların xarici offşor zonalara daşınıb yerləşdirilməsindən ibarət olub. C.Hacıyevin benefisiarı hesab edilən, adı hələ bir neçə il əvvəl bankdan yüz milyonlarla dollar kreditin götürülərək mənimsənilməsində keçən, hətta bu iş üzrə bir neçə ay həbsdə saxlanılan Xaqani Bəşirov sonradan müəmmalı şəkildə aradan çıxa bildi.
Onun adı Beynəlxalq Bankdan milyardlarla manatın mənimsənilməsi işində keçsə də, barəsində cinayət işinin nə yerdə olması məlum deyil. X.Bəşirov hələ “kredit oliqarxları”nın həbsi başlamazdan xeyli əvvəldən Azərbaycanda deyildi. Bu gün C.Hacıyevlə müttəhimlər kürsüsünü bölüşən Dünyamin Xəlilov X.Bəşirovun ortaqlarından olub. Dünyamin Xəlilov bu gün həbsdədir, bir müddət unudulan Xaqani Bəşirov isə azadlıqda gəzir. Onun adı 14 şirkətdə direktor kimi keçib, şirkətlərinin müştəriləri arasında bir çox nazirliklər, o cümlədən Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli neft şirkətləri, banklar və nəhayət, həmin Dünyamin Xəlilovun “General Construction” şirkəti yer alırdı.
Bəşirovun fəaliyyətinin əsas istiqamətləri Azərbaycandan pulların xaricə daşınıb offşor zonalarda yerləşdirilməsi və daşınmaz əmlaka, digər sahələrə yatırılması olub.
X.Bəşirov Bakıda həbsdə saxlanıldığı günlərdə ABŞ-ın “Global Financial İntegrity” Tədqiqat Təşkilatı inkişaf etməkdə olan ölkələrdən 2004-2013-cü illər ərzində xarici offşor zonalara 1.1 trilyon dollar daşındığına dair hesabat yaymışdı. Hesabatda Azərbaycan çıxarılan pulların həcminə görə 148 ölkə arasında 17-ci sırada dayanırdı. Tədqiqatlar göstərmişdi ki, həmin illər ərzində hər il Azərbaycandan qeyri-leqal yollarla orta hesabla 9 milyard dollar çıxarılıb.
Bu pulların hansı hissəsinin məhz Bəşirovun əli ilə çıxarıldığını dəqiqləşdirmək isə istintaqçıların işidir.
RePost.Az