Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi arasında yaranan narazılıq böyüyür.
Demokrat.az xəbər verir ki, bir neçə gün öncə Rəşad Məcidin “Bakı Nəqliyyat Agentliyi sürücülərə QAN UDDURUR!!!” fikirləri Bakı Nəqliyyat Agentliyinin araşdırma aparmasına səbəb olub.
Bu gün isə Bakı Nəqliyyat Agentliyi Rəşad Məcidə aid olduğu deyilən "Toyoto Prado" markalı "90 PV 525" Dövlət Qeydiyyat Nişanlı avtomobilin qanunsuz parklanmasının görünütlərini yayıb.
Görünütlərlə bağlı məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev qeyd edir ki, 19.02.2019 tarixdə “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid facebook sosial şəbəkəsindəki hesabında “Bakı Nəqliyyat Agentliyi sürücülərə QAN UDDURUR!!!” fikirləri ilə Agentliyin qanunsuz parklanmaya qarşı apardığı tədbirləri tənqid edib:
"Sosial şəbəkədə qeyd edilən hər bir tənqidi fikrə xüsusi diqqət və həssaslıqla yanaşdığımızdan, Rəşad müəllimin paylaşımı da tərəfimizdən nəzarətə götürüldü və hərtərəfli araşdırıldı. Rəşad müəllimlə əlaqə saxlayıb onu narazı salan məsələ ilə bağlı ətraflı məlumat verməsini xahiş etdik. Rəşad müəllim bildirdi ki, “Nissan Altima” markalı avtomobili ilə Yazıçılar Birliyinin inzibati binasına getdiyi zaman Xaqani küçəsində nəqliyyat vasitəsi qanunsuz parklanmaya intellektual nəzarət kameraları tərəfindən qeydə alınıb və inzibati tənbeh tədbiri görülüb. Paylaşımda da iddia olunur ki, nəqliyyat vasitəsi 20-30 saniyə qadağan edilən yerdə dayandığı üçün cərimə sanksiyası tətbiq edilib. Rəşad müəllimin bizə verdiyi ilkin məlumatda avtomobilin Dövlət Qeydiyyat Nişanı 90 PV 525 bildirilsə də sonradan 10 PV 525 olduğu vurğulandı. Hər iki Dövlət Qeydiyyat Nişanı üzrə araşdırma aparıldı.
Müəyyən edildi ki, 10 PV 525 Dövlət Qeydiyyat Nişanlı Nissan Altima markalı avtomobilin iştirakı ilə Rəşad müəllimin qeyd etdiyi kimi nə 19.02.2019 tarixində, nə də əvvəlki günlərdə dayanma və durma qaydalarının pozulmasına dair hər hansı bir fakt qeydə alınmayıb".
Agentlik rəsmisi vurğulayıb ki, "90 PV 525" Dövlət Qeydiyyat Nişanlı avtomobilin iştirakı ilə isə dayanma və durma qaydalarının pozulması ilə bağlı bir hal qeydə alınıb:
"15.02.2019 tarixində saat 11:09-da qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü avtomobillə Nəsimi rayonu Səməd Vurğun küçəsi Təzə bazarın yanına gələrək dayanma və durmanın qadağan edildiyi yerdə avtomobilini park edib. Saat 11:12-də sürücünün bu xətası kameralar tərəfindən qeydə alınıb. Saat 11:22-də isə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə inzibati tədbir görülüb. Təqdim edilən foto və video görüntülərdən də məlum olduğu kimi bu nəqliyyat vasitəsi qadağan edilən yerdə 10 dəqiqədən də artıq nəqliyyat vasitəsini saxlayaraq qanunun tələblərini pozub.
90 PV 525 Dövlət Qeydiyyat Nişanlı Toyoto Prado markalı avtomobilin bu və ya digər formada Rəşad Məcidə aid olub olmadığını dəqiq bilməsəm də hər halda bu nömrəni bizə özü təqdim edib. Və elə bu nəqliyyat vasitəsi ilə bağlı olan nəticələr onu deməyə əsas verir ki, hörmətli Rəşad müəllimin “Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!!”. fikirləri reallığı əks etdirmir. Əks halda, bir nəqliyyat vasitəsinə 10 dəqiqədən sonara cərimə sanksiyası tətbiq edilməzdi.
Əlbəttə ki, cəmiyyətdə nüfuz sahibi olan bir şəxsin qanunsuz parklanmaya qarşı aparılan tədbirləri yanlış təqdim etməsi təəssüf doğurur. Nəzərə alsaq ki, bu şəxs həm də ictimai rəyin formalaşmasında birbaşa iştirak edir, o halda onun hər hansı bu kimi reallığı əks etdirməyən fikirləri insanların dövlətin ayrı-ayrı strukturlarına qarşı narazılığına səbəb olur. Bunu nəzərə alaraq tövsiyə edirik ki, əhaliyə göstərilən nəqliyyat xidmətləri ilə bağlı hər hansı bir narahat edici məqamla rastlaşdıqda bunu ictimailəşdirmədən əvvəl Bakı Nəqliyyat Agentliyinə müraciət edilsin. Vətəndaş müraciətlərinə verdiyimiz önəmin nəticəsi olaraq, bunun üçün 141 Çağrı Mərkəzi də daxil olmaqla bir neçə platformada şərait yaradılıb. Gün ərzində Bakı Nəqliyyat Agentliyinə vətəndaşlardan, eləcə də KİV-dən müxtəlif məzmunlu müraciətlər daxil olur və hər bir müraciət obyektiv araşdırılmaqla həll edilir.
Bir daha bəyan edirik ki, bizim əsas məqsədimiz layiqli nəqliyyat xidmətləri göstərməklə vətəndaş məmnunluğuna nail olmaqdır. Bunun üçün Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində zəruri olan bütün addımları atmaqdadır. Qanunsuz parklanmaya qarşı mübarizə tədbirlərinin də əsas hədəfi məhz vətəndaşa xidmətdir. Agentlik tərəfindən qanunsuz parklanmaya qarşı aparılan mübarizə tədbirləri sayəsində bu gün şəhər mərkəzində nəqliyyat şəraiti əvvəlki vaxtlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. 70-dən artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət qrafiki stabilləşib. Bu isə gün ərzində 1.300.000 sərnişinin rahat, vaxt itkisinə məruz qalmadan daşınması deməkdir.
Ümid edirik ki, çox hörmətli Rəşad müəllim üçün də bir ziyalı olaraq əsas prioritet cəmiyyətdə çoxluq təşkil edən ictimai nəqliyyat istifadəçilərinin rahatlığının təmin edilməsidir".