Xəbər verildiyi kimi, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.
Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonunda səfərdə olub. AZƏRTAC səfərdən geniş reportajı təqdim edir.
Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.
Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.
Dövlətimizin başçısı Ağsuda zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış oldu. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxdı, inşaatçılarla söhbət etdi.
Prezident İlham Əliyev: Salam, yerli işçi qüvvəsidir?
Kəmaləddin Heydərov: Bəli, bunlar hamısı buralıdırlar.
Prezident İlham Əliyev: İşlər necə gedir?
Fəhlələr: Çox sağ olun. İşlər yaxşı gedir.
Prezident İlham Əliyev: Hələ iş çox olacaq, evlər gərək bərpa edilsin. Sizə uğurlar olsun. Sağ olun.
Fəhlələr: Sağ olun, Allah Sizdən razı olsun.
Sonra Prezident İlham Əliyev ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət etdi.
Tahir Hökmrəvan: Xoş gəlmisiniz. Sizin gəlişinizi gözləyirdik. Əmin idik ki, gələcəksiniz.
Prezident İlham Əliyev: Əlbəttə.
Tahir Hökmrəvan: Həmişə bizim yanımızdasınız. Bizə, xalqımıza göstərdiyiniz qayğıya görə minnətdarıq. Mən öz adımdan, xəstə anam var, onun adından təşəkkürümüzü bildiririk. Sizə, ailənizə uzun ömür arzulayırıq. Allah Sizi qorusun, başımızın üstündən əskik etməsin. Var olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Ananıza da salam söyləyin. Tezliklə sağalsın. Bir aydan sonra ev hazır olacaq. İnşallah bərabər yaşayacaqsınız. Allah şəfa versin.
Tahir Hökmrəvan: Minnətdarıq, çox sağ olun. Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Evin tikintisi ilə bağlı hər hansı iradınız varmı?
Tahir Hökmrəvan: Xeyr, hər şey qaydasındadır, çox sağ olun.
Prezident İlham Əliyev: Yerində yeni möhkəm ev tikilir, heç bir zəlzələ buna təsir edə bilməz.
Tahir Hökmrəvan: İnşallah, çox sağ olun. Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Zəlzələ zamanı siz evdə idiniz?
Tahir Hökmrəvan: Bəli, evdə idim.
Prezident İlham Əliyev: İndi harada yaşayırsınız?
Tahir Hökmrəvan: Burada bir bina evi var, oradayıq. Uşaqları aparmışıq oraya.
Prezident İlham Əliyev: Söz verirlər ki, bir aydan sonra evin tikintisini başa çatdıracaqlar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bu ev bir aydan sonra hazır olacaq, bəlkə də tez.
Tahir Hökmrəvan: İnşallah. Allah var eləsin. Minnətdarıq.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır. Ümumiyyətlə, 491 ev qəzalı vəziyyətdədir.
Prezident İlham Əliyev: Yəni, hansılar ki, yenidən tikiləcək.
Kəmaləddin Heydərov: Bəli. Bunlar artıq sökülüb tikiləcək, 1665 ev bərpa olunacaq.
Prezident İlham Əliyev: Bəs qalan müraciətlər?
Kəmaləddin Heydərov: İndiyə qədər 7296 müraciət olub, onlardan 7264-nə baxılıb. On altı komissiya işləyir.
Prezident İlham Əliyev: Hələ komissiyaların işi davam edir?
Kəmaləddin Heydərov: Bəli, komissiyalar işləri davam etdirirlər. Çünki şikayətçilər bəzən deyirlər ki, bizimki bərpa deyil, qəzalıdır.
Prezident İlham Əliyev: Komissiya bu işlərə obyektiv baxsın.
Kəmaləddin Heydərov: Artıq Şamaxıda 22, İsmayıllıda 10, Ağsuda isə 6 fərdi evin tikintisinə başlanmışdır.
Prezident İlham Əliyev: Bunlar kəndlər üzrə evlərin layihələridir?
Kəmaləddin Heydərov: Bəli, bunlar kəndlər üzrə dörd, üç və ikiotaqlı evlərin layihələridir.
Prezident İlham Əliyev: Yeni evlərin sahəsi əvvəlkilərdən daha böyükdür?
Kəmaləddin Heydərov: Əlbəttə, əvvəlki evlərdən daha böyükdür və 9 bal gücündə zəlzələyə hesablanıb.
Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Sonra dövlətimizin başçısı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış oldu. Məlumat verildi ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.
Dövlətimizin başçısı ev sahibi Həcər Zamanova ilə söhbət etdi.
Həcər Zamanova: Sənə qurban olaram, başına dönərəm, xoş gəlmisən.
Prezident İlham Əliyev: Xoş gördük. Necəsiniz?
Həcər Zamanova: Sağ ol, qurban olum. Allahdan sənə cansağlığı arzulayıram.
Prezident İlham Əliyev: Çox sağ olun. İşlər necə gedir?
Həcər Zamanova: Hər şey yaxşıdır. Mən sənin yolunu gözləyirdim. Şükür Allaha ki, bu, mənə qismət oldu.
Prezident İlham Əliyev: Əlbəttə, mən mütləq gəlməli idim. Gəlmişəm ki, görüm işlər necə gedir.
Həcər Zamanova: Sənə qurban olaram. Çox şükür. Televizorda görəndə, deyirdim, ay Allah, kaş Prezidentlə görüşə biləydim.
Prezident İlham Əliyev: Evin tikintisi necə gedir, razısınız?
Həcər Zamanova: Razıyam. Yerlə göyün arası qədər razıyam.
Prezident İlham Əliyev: Ev tamam dağılmışdı?
Kəmaləddin Heydərov: Bəli.
Həcər Zamanova: Allah-təala, səni Azərbaycanın üstündən əskik etməsin. Siz ki, bizə belə qayğı göstərirsiniz, Allah həmişə bayrağımızı uca etsin.
Prezident İlham Əliyev: Çox sağ olun. Ev nə vaxt hazır olacaq?
Kəmaləddin Heydərov: Maksimum 1 aya.
Prezident İlham Əliyev: İndi siz harada yerləşirsiniz?
Həcər Zamanova: Biz kirayə ev tutmuşuq. Müvəqqəti orada yerləşirik.
Prezident İlham Əliyev: Bir aydan sonra, inşallah, köçəcəksiniz yeni, gözəl evə.
Həcər Zamanova: İnşallah. Allah kölgənizi üstümüzdən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Həcər Zamanova: Ağsuda hamı bilir, seyid qızıyam, Quran oxuyanam, namaz qılanam. And olsun o bir Allaha, Sənin rəhmətlik atan dünyadan köçəndən həmişə mən ona dua oxuyur, salavat çevirirəm. Deyirəm ay Allah, o gəlməsəydi, Azərbaycanda bir dənə də olsun cavan qalmazdı. Gəldi müharibəni dayandırdı. Allah-təala qəni-qəni rəhmət etsin. Allah Səni, oğlunu saxlasın.
Prezident İlham Əliyev: Sağ olun. Ağsu, Şamaxı, İsmayıllı rayonlarında zəlzələ nəticəsində dağılmış bütün evlər artıq sökülüb və yenidən tikiləcək, o cümlədən sizin eviniz. Yəni, qəzalı vəziyyətdə olan evlər. İndi məlumat verildi, yüzlərlə ev tikiləcək.
Həcər Zamanova: Sizə təşəkkür edirəm. Allah Sizə kömək olsun.
Prezident İlham Əliyev: Zəlzələdən ziyan çəkmiş bir dənə də təmirsiz ev qalmayacaq. Təmiri mümkün olmayan evlər isə yenidən tikiləcək.
Həcər Zamanova: Allahın köməyi ilə, Sizin sayənizdə. Mən Sizə bir kəlmə də söz deyəcəyəm. Nəvəmin 29 yaşı var. Atası da, anası da rəhmətə gedib. Onu mən saxlamışam. İndi onun gözünün biri tamam tutulub. Birində də 3 faiz görmə qalıb. Xəstəxanaya aparıb gətirirəm, ona donor göz lazımdır. Mənim ona gücüm çatmır.
Prezident İlham Əliyev: Onu mən tapşıraram Heydər Əliyev Fonduna.
Həcər Zamanova: Sənə qurban olaram, həkimlər deyirlər ki, onu təcili etmək lazımdır.
Prezident İlham Əliyev: O, buradadır, yoxsa Bakıda?
Həcər Zamanova: Burada idi, evimiz uçandan sonra Bakıda olan qızımın yanına göndərmişəm.
Prezident İlham Əliyev: Onun əlaqə telefonunu, ad-familiyasını verin.
Həcər Zamanova: Zamanov Murad Adil oğlu.
Prezident İlham Əliyev: Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik.
Həcər Zamanova: Sənə qurban olaram.
Prezident İlham Əliyev: Bizə minlərlə belə müraciətlər olur.
Həcər Zamanova: Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Tezliklə ev tikiləcək. Burada rahat yaşayacaqsınız.
Həcər Zamanova: Sağ olun, sənə qurban olaram.
Prezident İlham Əliyev: Çox sağ ol.
X X X
Prezident İlham Əliyev Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Daha sonra dövlətimizin başçısı burada rayon sakinləri ilə görüşdü, onların məktublarını qəbul etdi.
Sakinlər: Salam, cənab Prezident. Eşq olsun İlham Əliyevə! Xoş gəlmisiniz. Cənab Prezident, ağsulular Sizinlə fəxr edir. Allah ömrünüzü uzun eləsin. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Salam, çox sağ olun. Mən gəlmişəm sizinlə görüşüm. Bütün məktublara baxılacaq.
Sakinlər: Sağ olun. Allah razı olsun.
Prezident İlham Əliyev: Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib. Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq.
Sakinlər: Sağ olun. Allah Sizə cansağlığı versin. Allah işinizi avand eləsin. Sizə minnətdarıq.