"Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır".
 
RePost.Az-ın məlumatına görə, bu barədə "APA-Economics"-ə  SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.
 
"Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", - deyə vitse-prezident bildirib.
 
Manatın devalvasiyasının SOCAR üçün əlavə zərər yaratdığını deyən S. Qasımov bildirib ki, ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür: "Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir daşıqlar aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyatı qurumlara müraciət edəcək".
 
Süleyman Qasımovun sözlərinə görə, 2016-cı ilin audit olunmuş 6 aylıq maliyyə hesabatlarına əsasən SOCAR hesabat dövründə 550 mln. dollar məbləğində mənfəət əldə edib: "Dövlətin bizə verdiyi böyük dəstək nəticəsində ölkə daxilində təbii qazın qiymətinin manatın devalvasiyası nəticəsində ucuz, şirkətin maya dəyərindən aşağı qiymətə satışını nəzərə alaraq Tarif Şurası tərəfindən təbii qazın qiymətində artım həyata keçirilib. Təbii qazın qiymətinin artımı əhalinin əksər hissəsinə təsirinin azaldılması üçün ilkin olaraq müəyyən olunan illik 1500 kubmetrlik limit 1700 kubmetrə qədər artırılıb. Bütün bunlar qiymət artımının ümumi abonentlərin əksər hissəsinə təsirinin qarşısını alıb.
 
Təbii qazın qiymətinin artırılması SOCAR-ın əsas məhsulu olan təbii qazın satışından əldə olunan gəlirlərin qismən artırılmasına imkan yaradıb. Çünki devalvasiya nəticəsində biz Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından xüsusi ilə daxili tələbatı təmin etmək üçün külli miqdarda - təxminən istehlakın yarısı səviyyəsində dollar ifadəsində təbii qazı satın alırıq. Buna görə də manatın devalvasiyasına qədər alınan malların ölkədaxili satışı ilə manat ifadəsində olan satışımızda çox da böyük olmayan zərər yarandığı halda həmin zərər digər xam neftin satışı ilə əldə olunan gəlir hesabına tam örtülürdü. Amma həm neftin qiymətinin aşağı düşməsi, həm də manatın devalvasiyası bizi məcbur etdi ki, biz dövlət, aidiyyatı qurumlar qarşısında təbii qazın qiymətinin artırılması məsələsini qaldıraq. Ən azı bizə başa gələn xərclər səviyyəsində təbii qazın satışı təmin olunmalı idi. Burada da müxtəlif differensasiya olunmuş qiymətlər tətbiq olundu.
 
Əsas istehlakçımız olan elektrik enerjisinin istehsalını həyata keçirən "Azərenerji" ASC üçün satdığımız qazın qiyməti təxminən 120 manat çərçivəsində, Naxçıvana satdığımız qaz 75 manat çərçivəsində, əsas kommersiya qurumlarına satılan qaz isə 200 manat və illik 1700 kubmetr qaz istehlak edən əhali təbəqəsi üçün 100 manat olaraq qaldı. Bu qiymət artımı və həmin dövrdə manatın dollara kursunun 1 manat 60 qəpik kursunda SOCAR-ın bu əməliyyatda nə zərərinin, nə də mənfəətinin sıfır zərərsizlik bir nöqtəsi kimi tanınıb. Təbii ki, manatın dollara nəzərən məzənnəsi dəyişdikcə, bizim riskimiz artır. Təbii qazın alışından yaranan bu fərq bizim maliyyə nəticələrinə mənfi təsir göstərəcək. 2016-cı ilin maliyyə audit hesabatı tam hazır olmasa da biz ümid edirik ki, SOCAR-ın ümumi maliyyə təsərrüfat fəaliyyətinin nəticələri bizi qorxudacaq səviyyədə olmayacaq. Ən azı 6 ayda 550 milyon dollarlıq mənfəət olduğu halda, ümid edirik ki, il ərzində həmin mənfəət qorunub saxlanacaq".
 
RePost.Az

Baxış sayı: 3257 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz