Son günlər sosial şəbəkələrdə təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. İlin əvvəli qış fəslinə təsadüf etdiyindən bir çox ailələr artıq güzəştli qiymətlə bağlı tətbiq olunan limiti tükədib, təbii qazı yüksək qiymətlə almağa başlayıb. Bu da maddi vəziyyəti elə də yüksək olmayan  insanlar üçün çətinlik yaradır, xüsusən bölgələrdə, mərkəzləşdirilmiş istilik sistemi olmayan Bakı kəndlərində əhali təbii qazdan imtina edərək odun yandırmağa başlayıb. İstifadəçilər təyin olunmuş 1700 kub təbii qaz limitinin çox az olduğunu bildirirlər.
 
Sosial şəbəkədə limitin ləğvi ilə bağlı gedən müzakirələrə Milli Məclisin deputatı Aydın Hüseynov münasibət bildirib, limitin ləğv edilməsinin əleyhinə çıxış edib: "Məlumdur ki, elektrik enerjisinə və qaza tətbiq olunan limitin məqsədi artıq məsrəfə yol verilməməsi, qənaət rejimindən istifadə olunmasıdır. Əhalinin gəliri artdıqca bu problemlər öz-özlüyündə həll olunacaq.
 
Doğrudan da limitlərin tətbiqi hər kəsin qazı və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaratdı. Əlbəttə, maliyyə imkanlarımız artdıqca vətəndaşlarımız üçün sosial tədbirlər də çoxalacaq. Əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı tədbirlər getdikcə daha da çoxalacaq. Lakin qaz və elektrik enerjisi ilə bağlı limitlərin ləğvi real deyil”.
 
Bakının neft-qaz kəndləri sırasında adı ilk yerdə çəkilən Balaxanı qəsəbə sakini, "Yeni Müsavat” əməkdaşı Elşən Balaxanılı deputatın fikirləri ilə razılaşmır: "Aydın Hüseynovun açıqlamasının əmək haqlarının artırılması ilə bağlı hissə ilə razıyam, dəstəkləyirəm. Qazın limiti ilə bağlı dedikləri isə reallıqdan çox uzaqdır. Deputat bəlkə də, məlumatsızlığı səbəbindən belə danışır. Mərkəzləşdirilmiş istilik sistemi olmayan kənd və qəsəbələrdə qaza qoyulan limit əksər xəstəliklərin başlıca səbəbidir. Axı hansı limitdən söhbət gedə bilər ki, camaat 10 manat verib 100 kub qaz almağa çətinlik çəkir? Limit tətbiq olunandan dünyada ən keyfiyyətli neftin vətəni olan qəsəbəmizdə özünü dağ kəndinin sakini kimi hiss edirsən. Qışın günü camaat əlinə keçəni sobaya atıb yandırır. Aydın müəllimi Balaxanıya dəvət edirəm. Gəlsin, öz gözləri ilə real durumu görsün, sonra limitlə bağlı danışsın”.
 
Əməkdaşımız deyir ki, bir tərəfdə gecə-gündüz, ilin 365 günü işləyən, qəsəbəni üzük qaşı kimi əhatələyən buruqlar neft-qaz çıxarır, o biri tərəfdə isə camaatın böyük əksəriyyəti nəinki limiti keçməmək, ayaqlarının altından çıxan qazdan istifadə edə bilmir: "İnanıram ki, deputatın anadan olduğu Tovuzun Çatax kəndində də vəziyyət fərqli deyil. Limiti qaza yox, faktiki vətəndaşın sağlamlığına qoyublar. Həyət evlərində 1 günlük qaz sərfiyyatı 1 manat 20, 1 manat 50 qəpiyə başa gəlir. Bu hələ sərt qənaətlə mümkün olur. Deputatı neft-qaz ölkəsinin vətəndaşının qazı limitlə alması sualı ətrafında düşünməyə dəvət edirəm. Elə parlamentdə təmsilçisi olduğu Qaradağ rayonunun qəsəbələrindəki həyət evlərinə gedib qapıları döysün. Maraqlansın ki, orada evlər niyə soyuqdur? Adamların gözləri Xəzər dənizində neft-qaz çıxaran platformaları görə-görə niyə soyuq evlərdə oturublar? Halbuki həmin platformalarda çalışan əcnəbi şirkətlər neftlə bərabər qalxan səmt qazını bizim dövlətə havayı verir. Həmin səmt qazının emalı üçün də elə də böyük xərc tələb olunmur. Deputat qaza qoyulan limitlə bağlı maraqlansa, dediklərimi özü üçün təsdiqləyə bilər. Anlayar ki, 1700 kubmetr qaz limiti 365 gün üçün çox azdır. Əlbəttə ki, əgər bu haqda məlumatsızdırsa...”
 
İqtisadçı-ekspert  Natiq Cəfərli isə "Yeni Müsavat”a açıqlamasında Azərbaycanda  bu limiti ləğv etmək üçün yetərincə imkanların olduğunu bildirdi: "Azərbaycanda elektrik enerjisi və qaza tətbiq olunan limit ilk gündən narazılığa səbəb oldu. Çünki həm fəlsəfi, həm də iqtisadi mənada bunun tətbiqi üçün əsas yox idi. Azərbaycanda elektrik və qazla bağlı infrastrukturun qurulmasında elektrik enerjisi önəmli rol oynayır, bu yatırımlar dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan vətəndaşları da dövlət büdcəsinin formalaşmasında önəmli rol oynadıqları üçün  belə məhdudiyyətlərin tətbiqi iqtisadi yox, sosial-siyasi anlamda da doğru deyil. Qazla bağlı tətbiq olunan limit ümumiyyətlə anlaşılmır. Çünki Azərbaycana səmt qazı pulsuz verilir. BP-nin operatoru olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 90-cı illərdən bəri səmt qazı pulsuz verilir. Bu da ildə təxminən 2,5-3 milyard kubmetrə yaxın qaz edir. Azərbaycan əhalinin illik istehlak etdiyi qaz da  təxminən bu qədərdir. Deməli, təbii qazı Azərbaycana Beynəlxalq Əməliyyat Şirkəti pulsuz verirsə, burada yalnız daşınma və saxlama xərcləri yer alır. Bu xərclər də hər min kubmetr üçün 40 manata başa gəlir”.
 
İqtisadçının sözlərinə görə, bu pulsuz verilən qazın Azərbaycan əhalisinə həm baha satılması, həm də limitin qoyulması doğru yanaşma deyil: "Ölkə iqtisadiyyatının kifayət qədər potensialı var ki, bu limitlər ləğv olunsun. Büdcəyə  də problem yaratmayacaq. Çünki elektrik enerjisi və təbii qazla bağlı infrastrukturun qurtulmasında büdcə vəsaitlərindən istifadə olunur.  Dolayısı ilə bu prosesdə Azərbaycan vətəndaşları da iştirak edir. Hökumətin bu məsələyə həm iqtisadi, həm siyasi, həm də fəlsəfi olaraq yenidən baxmasında fayda var. Qənaət məsələsi ilə bağlı sosial çarxlar çəkilə bilər, maarifləndirmə işləri aparıla bilər. Bunu bahalaşdırmaqla tənzimləmək olmaz. Elə çoxuşaqlı ailələr var ki, orada istər-istəməz qaz da işıq da çox işlənir, bunun qənaətlə əlaqəsi yoxdur”.
 
Energetika naziri Pərviz Şahbazovun müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə "Azəriqaz” İB, "Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
 
Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.
 
Maraqlıdır, İşçi Qrup son vaxtlar əhalinin qaz və işıq limitlərilə bağlı narazılığına baxacaqmı?
 
Energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, İşçi Qrup daxil olan müraciətlərin nədən ibarət olmasını araşdırma üçün yaradılıb:  "Aprelin 18-də yaradılan İşçi Qrup tərəfindən təhlillər aparılacaq,  şikayətlərin daha çox nədən ibarət olması müəyyənləşəcək”.
 
Z.Əliyeva "qaz və işıq limitlərilə bağlı şikayətlər araşdırıldıqdan sonra, məsələyə baxılacaqmı” sualına cavab olaraq "bu sadəcə vətəndaşları narahat edən məsələlərin həllini tapması üçündür”, - deyə bildirib.
 
Nazir müşaviri həmçinin qeyd edib ki, təhlil nəticələri yaxın günlərdə ətraflı şəkildə ictimaiyyətə açıqlanacaq.
 
"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev Modern.az-a deyib ki, İşçi Qrup sırf qaz və işıq limitləri məsələsinə baxılması üçün yaradılmayıb.
 
"Burada vətəndaşlardan daxil olan şikayətlərin yerində araşdırılması və operativ cavablandırılması əsas meyardır”.
 
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də öz növbəsində İşçi Qrupun şikayətlərin araşdırılması və yerində baxılması üçün yaradıldığını qeyd edib.//yeni musavat/
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 20.04.2019
Bizi Telegramda izləyin: @repostaz