Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
RePost.Az xəbər verir ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilib ki, 14 may 2019-cu il tarixdə saat 05 radələrində Stansiya Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində naməlum avtomobillə piyada Məhərrəm Məmmədovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Ağcabədi rayon sakini Xəyal Sarıyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törətməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
X.Sarıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilibr.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
RePost.Az