Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirləri davam etdirir.

Agentliyin sektor müdiri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların çatdırılması, həmçinin taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin "Fərqlənmə nişanları"nın alınması istiqamətində müxtəlif maarifləndirici məlumatların verilməsidir:

"Bu çərçivədə növbəti tədbir metronun "Qara Qarayev" stansiyasının ətrafında keçirilib. Bakı Nəqliyyat Agentliyinin müffətişləri yol patrul xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə hüquq və vəzifələri, eləcə də ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparıb. Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında avtomobili park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla, avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur".

M.Ağayev deyib ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbrilər həyata keçirir:

"Bu çərçivədə ilk olaraq, Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Agentliyin xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində, yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib. Yaxın vaxtlarda Qara Qarayev prospektində də yeni taksi dayanacaq yerləri müəyyən ediləcək".

Maarifləndirici xarakter daşıdığından, tədbir zamanı dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı cərimə protokolu tərtib edilməyib. Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin bu tələbinə əməl etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib.


Baxış sayı: 3257 | Tarix: 18.01.2017
Bizi Telegramda izləyin: @repostaz