Prezident İlham Əliyevin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək.
RePost.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamlarının əhəmiyyətinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləğinin 40 faizədək artırılaraq 250 manata çatdırılıb, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minədək şəxsin əməkhaqqının artımına səbəb olacaq.
“Dövlətimizin başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”, - deyə icraçı direktor əlavə edib.
Qeyd edib ki, Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan çoxdur. “İmzalanan sərəncamlar minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur”, - deyə o qeyd edib.
V.Qasımlı, həmçinin əlavə edib ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırkı sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə multiplikator effekti ilə iqtisadiyyatın digər sahələrinə də öz töhfəsini verəcək.
RePost.Az