Astara rayonunda yol polisi narkotik maddənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə,  Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıb.
 
Eyni zamanda onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb.
 
Belə ki, “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
 
Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib.
 
Həmçinin hərəkətləri şübhə doğurduğu üçün, o, tibbi müayinəyə dəvət edilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
 
Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
RePost.Az

Baxış sayı: 4454 | Tarix: 10.07.2019
Bizi Telegramda izləyin: @repostaz