Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı - VİDEO
Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkən şəxsin kimliyi məlum olub.
RePost.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin göstərişi əsasında Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində videogörüntülardəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyənləşib.
Həmin görüntülərin isə 15 iyul 2019-cu il tarixində “28 May” - “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alındığı məlum olub. Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək, peşman olduğunu bildirib.
Faktla bağlı C.Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4-cü (Metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə) maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.