Sumqayıt şəhər sakini Aytəkin Bayramova dövlət xəstəxanasında həkimin onunla qeyri-etik rəftarını və pul tələb etməsininin kadrlarını redaksiyamıza göndərib.
 
RePost.Az-ın məlumatına görə, A. Bayramova “yeniavaz.com”a bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsində fəaliyyət göstərən Uşaq Stomatoloji Klinikasına 9 yaşlı oğlunun dişi ağrıdığı üçün üz tutub:
 
"Uşağın dişinə baxan həkim mənə dedi ki, əvvəlcə "Rentgen"ə get. Mən də uşağı həmin şöbəyə apardım. Gülnarə həkimə bildirdim ki, uşağın dişini rentgenə salmaq lazımdır. Məndən 5 manat pul istədi.
 
Dedim ki, yoxumdur, həm də ki bura dövlətin klinikasıdır. O da mənə cavabında dedi ki, nə vaxt dövlətin mənə plyonka verər, onda gələrsən. O vaxta kimi bir də buraya gəlmə dedi. Mən də bura dövlətindir dedim.
 
O nalayiq sözlərdən istifadə edərək mənə cavab verdi. Mən də oradan uzaqlaşdım. Ancaq mən həmin anları mobil telefonumla lentə almışdım".
 
A. Bayramova dedi ki, bu hadisədən sonra Kəmalə xanımın, yəni, baş həkimin yanına getdim: "Vəziyyəti ona danışdım amma, onun cavabı məni daha da təəccübləndirdi.
 
Mənə bildirdi ki, bizdən bu pulu yuxarıdan tələb edirlər, bizlik deyil.
 
Biz hər il Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 min manat ödəyirik. Bunu təkcə biz yox, bütün qurumlar ödəyir.
 
Biz də məcbur o pulu vətəndaşlardan alırıq. Baş həkim də mənə dedi ki, plyonkanı dövlət vermir".
 
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, bu sadəcə əsassız bir ittihamdır:
 
"Bu doğru deyil. Belə bir şeydən söhbət gedə bilməz. Əsassızdır". 
 


Baxış sayı: 3903 | Tarix: 22.07.2019
Bizi Telegramda izləyin: @repostaz