Dələduzluq əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş 1974-cü il təvəllüdlü Nağıyev Mirəli Mirənnağı oğlunun işinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
 
RePost.Az “publika az”a istinadən xəbər verir ki, apelyasiya şikayəti əsasında Cinayət Məcəlləsinin 178.3.2 – külli miqdarda zərər vurmaqla dələduzluq əməli törətmiş M.Nağıyev yenidən hakim qarşısına çıxarılacaq. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, Mirəli Nağıyev əvvəlcədən tanıdığı Pərinisə Cəfərova və Cəlal Ələkbərova qarşı dələduzluq edib. Onların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.
 
Nağıyev Rusiyada şirkət açmaq, biznes qurmaq adı ilə Pərinisə Cəfərovadan ümumilikdə 142 min manat, Cəlal Ələkbərovdan isə 22 min manat pul alıb.
 
Nağıyev həqiqətən də Rusiyada ticarətlə məşğul olub. Amma zərərçəkmiş şəxslərə yalan vəd verərək onların pulunu ələ keçirib.
 
Zərərçəkmiş qadın Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses zamanı deyib ki, Mirəlini dindar, hacı biri kimi tanıyıb:
 
"Mirəlini atasına, qardaşına, anasına görə tanımışam. Onun ailəsi ilə yaxın münasibətimiz olub, qonşu olmuşuq.
 
Tez-tez ehsan, iftar süfrələrində, məclislərdə görüşmüşük. Onlara ailəm kimi münasibət göstərmişəm. Mirəlini də öz övladım kimi qəbul eləmişəm.
 
Aramızda da səmimi, ailə üzvü kimi münasibət olub. Mirəli Moskvada işləyirdi. Ailəsinə, qohumlarına yaxşı baxırdı.
 
Mən onların ailəsində Mirəlini ən sonda tanımışam, o da Moskvadan gələndən sonra. Oğlum universitetə qəbul olanda bizə hədiyyə olaraq kondisioner alıb göndərmişdi. Hətta oğlum üçün qurban da kəsdirdi. Həmin qurban payından bizim evə bir tikə də gəlmədi.
 
Ehsan kimi ehtiyacı olanlara payladı. Həmişə bizə özünü yaxşı adam kimi göstərib. Onun atası, anası məni öz övladı kimi tanıyıb.
 
Biz onlarla quda da olacaqdıq. Onlar öz övladlarını mənə əmanət edirdilər. Mirəlini həbsdə görmək indi də mənim ürəyimi parçalayır.
 
Amma mənə o qədər zərər vurublar ki, əsəblərim pozulub xəstəlik tapmışam, saçlarım tökülüb, illərlə müalicə almışam. Ondan mənəvi təzminat da tələb edirəm.
 
Məni o həddə çatdırdılar ki, şikayət elədim. Sübut etmək istədim ki, bu pulu verən qadın onu geri də ala bilər”.
 
Zərərçəkmişin ifadəsindən məlum olub ki, Mirəli Nağıyevə pul verdikdən sonra bəzi söz-söhbətlər də ortaya çıxıb:
 
"Mənim namusumla bağlı da söz çıxardılar. Guya mən ona pul xərcləmişəm. Bəzi ağılsızlar da buna inandı. Bir insana yaxşılıq eləmək, borc vermək, sonra da iş qurmaq istəmək nə vaxtdan qəbahət olub?
 
Təkrar edirəm ki, biz onlarla bir ailə kimi olmuşuq. Mirəlinin qızını tək övladıma, oğluma alcaqdım. Onlar qız övladlarının namusunu belə mənə əmanət ediblər.
 
İndi necə olur ki, belə söz-söhbətlər çıxarırlar?
 
Mən evimi də satmışdım. Əlimdə pul var idi. Bunu Mirəli də bilirdi. Bir neçə dəfə məndən borca pul istədi. Dəfələrlə alıb və vaxtında da qaytarıb.
 
Hətta 30 min verdiyim vaxt da olub ki, dediyi gün çatdırıb. Mənə iş görməklə bağlı təklif edəndə oğlumla məsləhətləşdik.
 
Mirəliyə hamımız inandığımız üçün iş görməyi razılaşdırdıq. Bir gün Mirəli mənə zəng edib dedi ki, həcc ziyarətindədir. Söylədi ki, Moskvada iş qurmağına kömək edəcək şəxslər də onunladır.
 
60 min pul lazım olduğunu dedi. Bildirdi ki, həmin şəxslərin yanında etibarını itirməmək üçün pul çatdırmalıdır.
 
Mənə onu da dedi ki, guya həcdə mənim adımdan da qurban kəsdirib. Mən də dedim ki, həmin qurbanın pulunu mütləq sənə verməliyəm.
 
Nəsə, bu məni yenə inandırdı və pulu Bakıda onun dediyi şəxsə verdim. Bu adla bir neçə dəfə məndən pul aldı.
 
Guya quracağı şirkətə direktor kimi də mənim oğlumu qoyacaqdı. Biz də oğlumla razılaşmışdıq ki, iş qurulanda Moskvaya köçək.
 
Bu işlər 2014-cü ildən başlayıb. Neçə dəfə pulumu geri istədim. Dedi ki, Moskvadakı işində pulları var və çıxaran kimi verəcək.
 
Sonra guya Xırdalanda yüz min dəyəri olan evi mənim adıma keçirirdi. Məlum oldu ki, həmin evin sənədləri də doğru deyil”. 
 
RePost.Az

Baxış sayı: 3827 | Tarix: 05.09.2019
Bizi Telegramda izləyin: @repostaz