AFFA "Düdelanj" - "Qarabağ" oyununda baş verən təxribatla bağlı bəyanat yayıb.
 
RePost.Az bəyanatı təqdim edir:
 
Oyunun 30-cu dəqiqəsində, “Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda olub. Üzərində separatçı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. “Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.
 
Futbol – qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. “Josy Barthel” stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır və ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək.
 
AFFA “Qarabağ” komandasının futbolçularına təxribata uymadıqlarına, emosiyalarına nəzarət etdiklərinə və peşəkar davranışlarına görə təşəkkür edir. Komanda UEFA-nın dəyərlərinə əsil ehtiramını nümayiş etdirdi: hakimin qərarına hörmət, rəqibə hörmət, azarkeşlərə hörmət!
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Erməni silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan tarixi torpaqlarının bir hissəsini itirib, 1 milyondan artıq həmvətənimiz uzun illərdir ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyəti qarşısında qalıb. “Qarabağ” futbol dünyasında azsaylı klublardan biridir ki, siyasi münaqişə üzündən, erməni silahlı birləşmələrinin işğalı ucbatından ev oyunlarını doğma stadionunda, təmsil etdiyi Ağdam rayonunda keçirə bilmir.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bütün futbol oyunlarının FIFA və UEFA-nın müəyyənləşdirdiyi dəyərlərə hörmət ruhunda keçirilməsini dəstəkləyir, futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir!

Baxış sayı: 5024 | Tarix: 04.10.2019
Bizi Telegramda izləyin: @repostaz