Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) bir neçə tələbəsinin zəhərləndiyi, onlardan birinin öldüyü bildirilir.
 
Hadisə universitetin 2 saylı yataqxanasında baş verib.
 
Olayı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Qurumdan bildiriblər ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub: «Həkimlər ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir».
 
Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev isə «Turan» agentliyinə deyib ki, ilkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, tələbə qızların zəhərlənməsi ev şəraitində hazırlanan və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadə üzündən baş verib.
 
«Hadisə gecə saatlarında baş verib. 3 tələbə olub otaqda. Təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, iynə vurulub. Vəziyyətləri yaxşı olub və xəstəxanaya getməkdən imtina ediblər. Çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Digər iki tələbənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Kliniki Tibbi Mərkəzə köçürülüb… Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur. Hadisə özü isə birbaşa universitetin rəhbərliyinin tam nəzarətindədir».
 
Prorektor qeyd edib ki, yataqxana binasında qaz olmayıb. Qeyd edib ki, hazırda həkimlərin yekun rəyini gözləyirlər.
 

Baxış sayı: 5841 | Tarix: 21.11.2019
Bizi Telegramda izləyin: @repostaz