Xəbər verdiyimiz kimi, parlamentin dünən keçirilən xüsusi iclasında “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar müzakirə olunub.
Müzakirələr nəticəsində qərar layihəsinə 99 nəfər lehinə səs verib. Bir nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səsvermədə iştirak etməyib.
Bu gün isə sosial şəbəkələrdə qərarın əleyhinə səs verən şəxsin Milli Məclisin Regional məsələlər komitəsinin sədri deputat Arif Rəhimzadənin olduğu ilə bağlı məlumat yayılıb.
Buna səbəb kimi isə, ötən gün iclasda Arif Rəhimzadənin qərar layihəsindəki bəzi cümlələrə etiraz etməsi göstərilir. Belə ki, o, çıxışında qeyd edib ki, layihədə parlamentin buraxılması sözü işlədilməsin. Əvəzində isə, növbədənkənar seçkilərə gedilmə sözü yer alsın.
“Qafqazinfo” məsələ ilə bağlı komitə sədri Arif Rəhimzadədən münasibət öyrənib.
O qeyd edib ki, qərar layihəsinin əleyhinə səs verməyib: “Səsverməyə çata bilmədim. Mənim sualım var idi, onu verirdim. Spikerlə danışdığıma görə, səsverməyə çata bilmədim. Bir də gördüm ki, səsvermə sona çatdı”.
“Qafqazinfo” layihəyə bitərəf qalan deputatın kimliyini də öyrənib. Həmin şəxs deputat Rasim Musabəyov olub.
R. Musabəyov saytımıza açıqlamasında məsələni təsdiqləyib:
“Parlamentdə Yeni Azərbaycan Partiyasının çoxluğu var. Onların təşəbbüsünün həyata keçirilməsi üçün heç də bitərəflərə və ya dəstəyə ehtiyacları yoxdur. Odur ki, iclasın sonuna kimi, hakim partiyadan növbədənkənar seçkilərin zərurəti ilə bağlı izahatlar eşitmədim. Ona görə də bitərəf qaldım”.
Qeyd edək ki, kimin qərar layihəsinin əleyhinə səsverməsi isə hələ ki, məlum deyil.