Güney azərbaycanın Miyana şəhərindən olan soydaşımız, tanınmış iş adamı, Fəraz Şirkətlər Qrupu və BİNA Şirkətinin sahibi Fəraz Əsğəri koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində bölgə əhalisinə böyük yardım göstərir.
 
Məşhur xeyriyyəçi virus infeksiyası İran və Güney Azərbaycanda yayılmağa başladığı günlərdən epidemiyaya qarşı aparılan mübarizəyə var gücü ilə dəstək verib. O gözəgörünməz düşmənlə mübarizədə ön sırada dayanan həkim və tibb bacılarına qoruyucu geyim istehsal etmək qərarına gəlib, bu məqsədlə Tehran və Miyana şəhərlərində fəaliyyət göstərən istehsal müəssisələrini bu işə həsr edib.
 
İranda son vaxtlar yaranan iqtisadi tənəzzüldən bütün sənaye və istehsal müəssisələri öz payını alıb. Buna baxmayaraq tanınmış biznesmən xeyriyyə işlərindən heç zaman geri qalmayıb. Onun ölkədə baş verən zəlzələlər, xüsusi ilə Ərdəbil, Heris, Miyana zəlzələləri, “Türkmən səhra” seli və digər təbii fəlakətlər zamanı etdiyi xidmətlər əhali tərəfindən hər zaman xatırlanır.
 
İş adamının əsasən alt paltarlar və tibbi arıqladıcı geyimlərdən ibarət olan ixracat malları Orta Asiya ölkələri, Azərbaycan, Rusiya, İraq, Pakistan və digər ölkələrə ixrac edilir.
 
Fəraz Şirkətlər Qrupunun sahibi koronavirus infeksiyası ilə mübarizə üçün bölgə əhalisinə verdiyi dəstəyi davam etdirir, müəssisələrində istehsal olunan xüsusi geyimlərin sayı gün keçdikcə artır.
Fəraz Əsğəri 1973-cü ildə Miyananın Badılı kəndində dünyaya göz açıb. İranda biznesin idarəedilməsi ixtisası üzrə yüksək lisans təhsili alan iş adamı Bakıda Azərbaycan türk ədəbiyyatı üzrə təhsil alıb.
Fəraz Əsğəri təkcə bizneslə məşğul deyil. Onun Azərbaycan türkcəsində çoxlu şeirləri var. O mədəniyyət sahəsində də böyük uğurlara imza atıb.
 
Qeyd edək ki, Hal-hazırda bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyasının tüğyan etdiyi bir zamanda insanların bir-birinə xeyirxahlığı daha vacibdir. Xeyirxahlıq - nəciblik, mərhəmət, şəfqət və ailəcənablıq deyil, xeyirxahlıq hər şeydən öncə mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir. Məhz bu dəyərləri özündə birləşdirməyi bacarmış şəxs kamil insan sayıla bilər. Dahilərdən birinin fikrincə, xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir.

Baxış sayı: 3542 | Tarix: 02.04.2020
Bizi Telegramda izləyin: @repostaz