“Yaşar Nuri onlara yol göstərib, atamın adı onların üstündə olub həmişə.”
 
RePost.Az xəbər verir ki, bu sözləri "Kulis.az"a açıqlamasında Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva bildirib. O, bu günlərdə bibisi oğlu müğənni Rüfət Axundovun televiziya proqramlarının birində söylədiyi fikirlərə münasibət bildirərkən deyib. Ülkər Nuriyeva söz-söhbətin uzanmasında bir az da media nümayəndələrinin rolu olduğunu vurğulayıb:
 
“Ümumiyyətlə görürəm ki, bu söhbət çox uzanır. Məsələnin məcradan çıxmasında bir az da media nümayəndələrinin rolu var. Söhbəti çox şişirdirlər. Mən heç bir çıxışımda Rüfəti pisləməmişəm. Bizim ondan sadəcə qardaş kimi umacağımız olub. Haqqı da, nahaqqı da bir Allah bilir. Mənim atam dünyasını dəyişib. Bugünkü gündə onun ruhunu incitməyə heç kimin ixtiyarı yoxdur. İstəyirəm məzarında rahat yatsın. Onun həyatda iki qızına özündən başqa heç kim dayaq olmayıb. Bütün Azərbaycan bilir ki, Yaşar Nuri qızlarını necə saxlayıb, necə ailəcanlı olub".
 
Ülkər Nuriyeva ailə daxilində baş verən söhbətləri efirə daşımasını Rüfət Axundova irad tutub:
 
“Rüfət də, Nicat da bizim evimizdə böyüyüblər. Bunu mən tam əminliklə deyirəm. Bunu sübut edən videokasetlər, fotolar var. Onlar nə isə bir səhnəcik hazırlayanda atamdan fikir soruşurdular. Rüfət verilişdə aparıcıya deyir ki, kadrarxası kişi kimi açıqlasam, mənim səmimiyyətimi anlayacaqsan. O, kişi kimi nəyi açıqlaya bilər? Anam, yaxud da mən ondan incik olub nə isə demişiksə bu ailə söhbətidir. Ailə içində baş verən söhbəti efirə daşımaq doğru deyil. Mən Rüfətlə bir yerdə böyümüşəm onu hamıdan çox istəmişəm. Düşünürəm ki, artıq bu söhbətlərə son qoyulmalıdır".
 
Rüfət Axundovun “İstedadı varsa, özü bir yerdən çıxacaq. Ona necə yol göstərə bilərəm? Mənə heç kim yol göstərməyib” sözlərinə isə sənətkarın qızı bu cavabı verib:
 
“Yaşar Nuri onlara yol göstərib. Atamın adı onların üstündə olub həmişə. Onun adı hamıya yaşıl işıqdır. Amma mən 4 ildir bu sənətdəyəm, bu illər ərzində heç kim mənə nə maddi, nə mənəvi dəstək olub. Nə etmişəmsə, öz gücümlə, öz imkanlarımla etmişəm. Özümə sponsor axtarmamışam, sambalımı qorumuşam. Atamın adına ləkə gələcək heç bir hərəkətə yol verməmişəm. Mənim istedadım var. Bu gün çox işıqlandırılmamağımın səbəbi məhz maddi problemdən qaynaqlanır. Mənə lazımı qiyməti böyük sənətkarlar verib. Öz sənətimin, daxili aləmimin ağasıyam. Heç kim mənə deyə bilməz ki, sən müğənni olma. Mənim musiqi təhsilim var. Vaqif Gərayzadədən dərs almışam. Və bu gün məni dinləyən təbəqə var".


Baxış sayı: 5271 | Tarix: 14.04.2020
Bizi Telegramda izləyin: @repostaz