4000-ə yaxın Vətən müharibəsi qazisi ilə görüş keçirilib. 
 
RePost.Az-ın məlumatına görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  direktoru Cavid Əbdül-Qədirov mətbuat konfransında bildirib.
 
O deyib ki, onlardan 600-ə yaxını ağır yaralıdır, 400-dən artıq qaziyə əlillik təyinatı aparılıb.
 
C. Əbdül-Qədirov qeyd edib ki, əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur: "Qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir. Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır".
 
Agentlik sədri reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib. C. Əbdül-Qədirov fevralda Şağan Reabilitasiya Pansionatının istifadəyə verildiyini, Qəbələ və Şəmkir şəhərlərində tikilən uşaq reabilitasiya mərkəzlərinin isə bu il istifadəyə veriləcəyini deyib.

Baxış sayı: 2972 | Tarix: 05.05.2021
Bizi Telegramda izləyin: @repostaz