“Bu gün regional məsələlərdə və hətta dünya miqyasında Türkiyə və Azərbaycan işbirliyi, qardaşlığı önəmli faktora çevrilib. Türkiyə əziz qardaşımın liderliyi ilə artıq dünya miqyasında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diqtə edə bilməz. Bu yaxınlarda əziz qardaşım Türkiyənin daxili işlərinə müdaxilə etmək istəyənlərə elə cavab verib ki, bu, hesab edirəm, bütün siyasətçilər üçün örnəkdir”.
 
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.
 
Dövlət başçısı qeyd edib ki, öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan, müdafiə edən lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır: “Bunu biz qiymətləndirməliyik. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli faktorlardan biridir. Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyini Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı işbirliyi və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq”.

Baxış sayı: 1794 | Tarix: 26.10.2021
Bizi Telegramda izləyin: @repostaz