"Brüssel artıq ikinci dəfədir ki, Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli müzakirələrə ev sahibliyi edir. Bundan əvvəlki görüş də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə baş tutmuşdu".
 
Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
 
O bildirib ki, Ermənistanın Azərbaycanın 5 maddəlik sülh təklifindən yayınmaq cəhdləri nəticə verməyəcək:
 
"Ümumiyyətlə, Avropa İttifaqı müharibədən sonra konstruktiv mövqeyi ilə seçilən beynəlxalq qurumlardandır. Xüsusən, Şarl Mişelin bəyanatlarında postkonflikt reallıqlarının əks olunduğunu müşahidə etmişik. Onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsində fəal mövqe tutduğunu deyə bilərik. Bütün bunları nəzərə alaraq, Brüssel danışıqlarının konstruktiv mühitdə baş tutacağını və nəticəyönümlü olacağını indidən proqnoz edə bilərik. Bizim üçün masada olan əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır.
 
Bu yaxınlarda sülh quruculuğu prosesinin sürətlənməsi üçün 5 maddədən ibarət təkliflər paketimizi də irəli sürmüşük. Təəssüf ki, Ermənistan hələ də spekulyativ bəyanatlar verməklə Azərbaycanın təkliflərindən yan keçməyə çalışır. Amma cənab Prezidentimizin də ifadə etdiyi kimi, həmin təkliflərdə biz hansısa bir velosiped ixtira etməmişik. Həmin təkliflər beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurulub. İstənilən ölkələr arasında münasibətlər bu təməl prinsiplər üzərində qurulur. Ona görə də Ermənistanın manevr imkanları demək olar ki, yoxdur.
 
Brüsseldə Ermənistanın həmin təkliflərdən yayınmaq cəhdləri nəticə verməyəcək. Bu mənada, bugünkü danışıqlarda müsbət irəliləyişlərin olacağını düşünürəm. Danışıqların Brüssel raundunun özünəməxsus və faydalı tərəfi həm də odur ki, burada Azərbaycan və Ermənistan liderləri təkbətək görüşüb məsələləri müzakirə etmək imkanı da qazanırlar. Hesab edirəm ki, bu da çox önəmli nüansdır".
 
Siyasi şərhçi, jurnalist Asif Nərimanlı isə hesab edir ki, Brüssel görüşündən bir gün öncə Zəngəzur yolunun İran ərazisindən keçəcək hissəsi ilə bağlı memorandumu təsdiqləyən Əliyev istisna deyil ki, Avropa masasında “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” prinsipini yenidən gündəmə gətirəcək. 
 
Dekabrda keçirilən Brüssel görüşündə qapalı müzakirələrdən öncə Əliyev bəyan etdi ki, Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir: Ermənistan Zəngəzurda gömrük postu quracaqsa, Azərbaycan da Laçında eyni addımı atacaq;
 
Görüşün yekununda Zəngəzur dəhlizinin Ermənistanın istəyinə uyğun olaraq “yol məntiqi” ilə açılması üzərində razılaşma əldə olundu. Razılaşma praktiki mərhələyə keçmədiyi üçün Laçın dəhlizi məsələsi açıq qalır, lakin gündəmdən çıxmayıb. O cümlədən, Zəngəzur dəhlizi də gündəmdədir, kommunikasiyanın açılması razılaşması çərçivəsində reallaşacağı gözlənilir, lakin İrəvanın istədiyi “yol məntiqi” ilə.
Hərçənd, Laçına gömrük postu qurulacağı təqdirdə, İrəvanın iqtisadi baxımdan daha əhəmiyyətli olan Zəngəzur yolunu bağlaması daşımalarda problemlərə yol aça və Bakının işini çətinləşdirə bilərdi.  
Azərbaycanın İranla anlaşması bu kontekstdə əhəmiyyətlidir: 
 
- Bakı Laçın dəhlizində gömrük postunun qurulmasını gündəmə gətirdikdə, Ermənistan Zəngəzur dəhlizinin onun ərazisindən keçən hissəsindən buna qarşı rıçaq kimi istifadə edə bilməyəcək;
-  Zəngəzur dəhlizi “yol məntiqi” ilə işləyəcəyi təqdirdə, Laçın dəhlizi də eyni rejimlə işləyəcək;
 
- Rusiya buna qarşı çıxarsa, Ermənistanı “dəhliz məntiqi”nə məcbur etməlidir: Əliyevin dediyi kimi, “biz hər iki varianta açığıq”;
 
Mümkündür ki, Brüssel görüşündə ilk görüşdəki anlaşmanın praktiki icrası da müzakirə olunacaq. Və İran ərazisindən alternativ əldə edən Bakının dəhlizlər məsələsinin müzakirəsində əli daha güclü olacaq.

Baxış sayı: 4530 | Tarix: 06.04.2022
Bizi Telegramda izləyin: @repostaz