Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür.
 
Yaşasaydı X.Yusifzadənin 24 yaşı olacaqdı.
 
Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub. Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
 
X.Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət elədi və "gizir" hərbi rütbəsi alıb.
 
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə hərbi xidmətə yollanmaq üçün müraciət edib.
 
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan X.Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 22-də Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ağbənd istiqamətində şəhid olub.
 
X.Yusifzadənin nəşi Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
X.Yusifzadə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
 
Xudayar Yusifzadə İkinci Qarabağ müharibəsində ifa etdiyi mahnı ilə məşhurlaşıb. Onun hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." mahnısı hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
 
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstü qoyulub.

Baxış sayı: 4625 | Tarix: 15.07.2022
Bizi Telegramda izləyin: @repostaz