İşğaldan azad edilmiş Şuşa şəhərində 32 ildən sonra ilk məktəb zəngi çalınıb.
 
APA xəbər verir ki, Bilik Günü münasibətilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak ediblər.
 
 
Tədbir iştirakçıları, məktəblilər əvvəlcə 1 nömrəli tam orta məktəbə yürüş ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəllim və şagirdlər qarşısında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O bildirib ki, bu gün Azərbaycan xalqı üçün tarixi günlərdən biridir. Bu tarixi gün Şuşa məktəblilərinin xatirəsində daim qalacaq. Şuşanın Azərbaycan təhsilində mühüm yer tutduğunu deyən nazir bu ənənənin davamlı olacağına əminliyini ifadə edib:
 
“Şuşa işğaldan azad olunduqdan sonra şəhərdə təməli qoyulan ilk binalardan biri Şuşa şəhər 1 nömrəli tam orta məktəbi olub. Məktəb ən müasir standartlarla tikilərək bu gün istifadəyə verilir. Əminəm ki, Şuşa məktəbi Azərbaycan təhsil sisteminin ən öndə gedən məktəblərindən biri olacaq”.
 
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, əməkdar müəllim, Asif Cahangirov da Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar, Şuşa təhsilini daim zirvələrdə saxlamağı arzu ediblər.
 
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova Şuşanın təhsil ocağı barədə məlumat verib. Bildirib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar da var. Məktəbin şagirdləri ən qabaqcıl standartlara uyğun təhsil alacaqlar. Direktor dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya əməli işlə cavab verəcəklərini bildirib.
 
Sonra yeni dərs ilinin zəngi çalınıb, müəllim və şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.
 
Sonda məktəbdə yaradılan şəraitə baxış keçirilib.

Baxış sayı: 5157 | Tarix: 16.09.2024
Bizi Telegramda izləyin: @repostaz