Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
 
Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
 
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
 
Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat veriblər.
 
Bildirildi ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir.
 
Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.
 
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırığı ilə yeni ordu birləşmələri və qoşun növləri yaradılır, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Eyni zamanda, Ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir. Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.
 
Milli müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda, xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq, yeni müqavilələrin imzalanması da xüsusi vurğulanmalıdır. Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən biri də qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verib. Azərbaycan və Pakistan beynəlxalq platformalarda daim bir-birinə qarşılıqlı dəstək göstərir və həmrəylik nümayiş etdirirlər.

Baxış sayı: 4701 | Tarix: 25.09.2024
Bizi Telegramda izləyin: @repostaz