İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.
 
Bu barədə Lent.az saytı mənbələrinə istinadən məlumat yayıb.
 
Saytın yazdığına görə, Saleh Səmədov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi üzrə həbs qətimkan tədbiri seçilib.
 
Hüquq-mühafizə orqanlarından hələlik məsələyə şərh verilməyib.
 
Qeyd edək ki, mayın 13-də Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
 
Xatırladaq ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə sədr Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.
 
Saleh Səmədovun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. Saleh Səmədovun vəzifədən uzaqlaşdırılmasından sonra çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olduğuna dair də məlumatlar yayılıb.

Baxış sayı: 1642 | Tarix: 31.05.2025
Bizi Telegramda izləyin: @repostaz