Tanınmış aparıcı, bəstəkar, müğənni Murad Arif sosial şəbəkədə "Maşın" şou haqqında xatirəsini paylaşıb.
 
RePost.Az Ailem.az-a istinadən xəbər verir ki, o, hamının maraqla baxdığı bu şounun onun taleyini dəyişdiyini deyib. Belə ki, 2007-ci ildə keçirilən "Maşın" şounun qalibi Murad Arif olub: "Düz 10 il öncə qatıldığım və fəxrlə xatırladığım "Maşın" şou... İTV-də "Qaraj" verilişini apardığım dönəmdə "torbamı tikdilər". Beynim qızdı, hikkəmdən ərizəmi yazıb, işdən çıxdım. Oldum işsiz. Ertəsi gün Murad Dadaşov zəng açdı ki, bəs bir ulduz (deyəsən Namiq Qaraçuxurlu) şouya gələ bilmir, 18-ci iştirakçımız sən ol. Təsəvvür edin ki, "M-qroup" həftələrdir hazırlıqlar aparır, mən isə heç planda da yoxam. İşdən çıxmağımın depressiyası bir tərəfdən, ölkənin 1 nömrəli şousuna efirə bir gün qalmış dəvət almağım da o biri tərəfdən. Qarışıq əhvaldayam. Tam da deyildiyi kimi - "Bir qapı bağlananda, o biri açılar". Şouya gəldim, 2 dəfə səsvermədə "QALSIN!" qazanıb, təhlükə hiss etdiyim oyunçuları öz qərarımla yarışdan uzaqlaşdırdım. Yazdılar ki, kiminsə sifarişidir. Bir neçə dəfə dostum Xəyyam Nisanovu da qoruya bildim. Təəsüf ki, şounun ortasında Elməddinin sinirləri tam pozulmuşdu. Halbuki Elməddin, Xəyyam və mən "qrup" idik... Nə isə, deyilməyən və göstərilməyən məqamlar varsa, tamaşaçının yanlış anlaması normaldır. Yazdılar ki, "Murad dostuna xəyanət edib".. Əlqərəz, işsiz, kasıb, iddialı bir oğlan "Maşın" şouya gəldi və 18 gündən sonra qət-təzə Nissan Teana avtomobilinin sahibi oldu. Sonra da yazdılar ki, maşını doğrudan vermirlər, yoxsa sürərdi. Mən isə sadəcə maşın idarə edə bilmirdim. Harada görmüşdüm ki? Avtobus və metro uşağı idim onda. Gerisi lap Hindistan nağılındakı kimi oldu. Maşını satdım, 1 otaqlı "novostroyka" aldım. Sonra o mənzili satıb başqa bir mənzili ipoteka ilə götürdüm. Və beləliklə, həyatımın ən böyük problemi - ev problemini həll etdim. Bunun üçün Murad Dadaşova nə qədər təşəkkür etsəm, azdır".
 
Qeyd edək ki, mayın 28-də başlayan"Maşın" realiti-şousu iyunun ortasına qədər davam edəcək.
 
Əməkdar artist Murad Dadaşovun "Maşın" realiti-şousu mayın 28-də start götürdü. Şouda 18 məşhur iştirak edir. Bunlar rəqqasə Oksana Rəsulova, rejissor Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov, prodüser Tarix Əliyev, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Cavad Rəcəbov, Elton Hüseynəliyev, Səidə Sultan, meyxanaçı Üzeyir Mehdizadə, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, və Səbuhi Xanlarovdur.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 30.05.2017
Bizi Telegramda izləyin: @repostaz