Bu yaxınlarda dünyasını dəyişmiş böyük alimimimiz Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə gündəlik məişətdə çox rastlaşırıq. Amma çox vaxt elə də fərqində deyilik. 
 
Adətən, bu nəzəriyyədən söhbət gedəndə biləndərlər iki-üç şablon nümunəni işə salır: qapı tam açıq, ya da tam qapalı deyil. Yarıaçıq, yarıqapalı, çox açıq, kip qapalı da ola bilər. Yaxud dümağla zil qara arasında minlərlə rəng çaları var. Çox əcəb, bura qədər hər şey aydındır. 
 
Amma məsələ yaponların bu nəzəriyyəni iqtisadiyyatlarına tətbiq edib milyonlarla para qatlamalarına gedib çıxanda işlər bir az dolaşır. Ya da amerikalıların qeyri-səlis məntiqdən istifadə edib hava hücumundan müdafiə sistemini yerindən qurmalarını eşidəndə qalırsan belə ki, bu qədər asan məsələ ölkələrə necə milyonlar qazandıra bilər?! 
Əslində hər şey o qədər sadə deyil. İnformatikanın dərinliklərində elə də başım çıxmır, amma kompüterlərin 0 və 1 məntiqi ilə işlədiyini çoxumuz bilirik. Zadə məntiqi həmin o 0-la 1 arasındakı dəqiq nisbəti hesablayıb tapır. Bunun riyazi formulunu verir. Və texnologiyanın beyninin buna uyğun çalışmasını təmin edir.
 
Məsələn, ABC sistemi olan maşın sürürük. Çalışırıq ki, qabaqdakı maşınla məsafə saxlayaq. Zadə məntiqi maşının tormoz sisteminə imkan verir ki, ara məsafənin ölçüsünə uyğun çalışın. Özünü nə lazımsız gücə salsın, nə də zəiflik göstərsin. Əgər qabaqdakı maşına hələ çox varsa, tormoz yumşaq sıxılma ilə işləyəcək. Yox, artıq vurhavurdayıqsa, güclü sıxılma təzyiqi işə düşəcək ki, kiminsə maşınını arxadan vurub, dəmirçi-malyar yanında qalmayaq.
 
Paltaryuyan maşınlar da eləcə. Suyun isti-soyuqluğu 1 nisbətinə yaxın, məsələn 0,8-dirsə, maşın bir cür fikirləşib çalışacaq. Yox əgər temperatur, 0 nisbətinə yaxın gedirsə, deyək ki, 0,2-dirsə, maşının beyni bu məsələni başqa cür nizamlayacaq. Ümumilikdə, Zadə məntiqindən mətbəx cihazlarının, hava nəqliyyatı vasitələrinin, avtomobillərin nəzarət sistemlərində, qərarvermə və planlamada geniş istifadə olunur. Bütün bunlar isə istehsalatda böyük qazanclar deməkdir.
 
Yadigar Cəfərli

Baxış sayı: 2231 | Tarix: 07.10.2017
Bizi Telegramda izləyin: @repostaz