"Son vaxtlar ölkəmizdə qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi ilə bağlı geniş və ardıcıl xarakter daşıyan təkliflər kifayət qədər aktuallaşıb. Bu müzakirələrdə istifadə olunan təbii qazın və elektrik enerjisinin pulunu ödəyə bilməyən çoxsaylı sadə vətəndaşlarımızla yanaşı, iqtisadçılar və millət vəkillərinində də rəyləri media, eləcə də sosial şəbəkələrdə geniş miqyas almaqdadır”.
 
RePost.Az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı deyib.
 
O bildirib ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçıların və millət vəkillərinin əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərafdarıdır:
 
"Amma deputat həmkarlarım Fazil Mustafa və Vahid Əhmədov limitin ləğv olunması deyil, artırılması ilə bağlı təklif irəli sürmüşdülər. Buna gör, mən onların yanaşmasını tənqid etdim. Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda təbii qaz və elektrik enerjisinin qiyməti ilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə zidiyyət təşkil edən konyuktur mövqedir. Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı kombi sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində "ceyran peçi” ilə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqeyini ortaya qoya bilərdilər”.
 
F.Ağamalı lakonik şəkildə doğal qaz və elektrik enerjisinə tətbiq edilən limitin bütövlükdə ləğv olunmasının zəruriliyini konkret arqumentlərlə izah edib:
"Azərbaycan ölkə prezidentinin dediyi kimi, neft-qaz ölkəsidir və bu Azərbaycan xalqının milli sərvətidir. Bu reallıq və reallıqdan doğan məntiq neft-qaz məhsullarının əhalimizə adekvat qiymətlərlə satılmasını tələb edir. Təbii qazın nisbi satış qiymət əmsalı Azərbaycanda qaz idxal edən Avropadan orta əmək haqqı və orta pensiya məbləğinə nisbətdə yüksəkdir. Başqa sözlə desək, avropalı əmək haqqının 1-2 faizini, soydaşlarımız bunun 15-20 faizini ödəməli olur. Bakı və respublikanın digər şəhərlərində, rayon mərkəzlərində tam mərkəzləşdirilmiş istilik sistemi olmadığına görə əhalimizin mütləq əksəriyyəti "kombi” deyilən lokal istilikdən istifadə edir. 
 
Araşdırmamız göstərir ki, bu tip istilik sistemindən istifadə edən ortalama 5 nəfərlik ailənin 90-100 m2 mənzili qızdırması üçün limitli aylıq xərci 80-90 manat, limitsiz 160-180 manatdı. Elektrik enerjisi qış aylarında 30-40 manat, isti aylarda 60-80 manat təşkil edir. Respublikanın kənd və qəsəbələrində, xüsusilə qışın sərt keçdiyi bölgələrdə isə bu baxımdan vəziyyət daha kəskindi. Bir qayda olaraq kənd yerlərində "Ceyran peçi” deyilən istilikdən istifadə olunur. 70-80 m2-lik mənzili 25-27 dərəcə qızdırmaq üçün "ceyran peçi”nin aylıq qaz sərfiyyatının maliyyə tutumu 110-120 manat civarındadı. Bura 20-30 manat elektrik xərcini də əlavə etsək, mənzərə aydın olar. Deməli, bu vəziyyət ölkə prezidentinin həyata keçirdiyi və xalqımız tərəfindən yüksək dəyələndirilən sosial islahatlarla uzlaşmır”.
 
Deputat vurğulayıb ki, aparılan islahatlar istehsalın stimullaşdırılması ilə ölkəmizdə istehsal olunan məhsulların maya dəyərinin aşağı olunmasını da önə çəkir:
 
"Qazın tətbiq edildiyi sənaye və kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı olması həm daxili bazarda onun alıcılıq imkanlarını artırar, həm də ixrac edilən ölkələrdə rəqabət səviyyəsini dayanıqlı edərdi. Limitin saxlanılması və qaz və elektrik enerjisinin qiymətinin yüksək olaraq qalmasının ekologiyaya vurduğu zərər bu bahalıqdan alınan "gəlirdən” qat-qat çoxdur. Hesablamalar göstərir ki, qaz və elektrikə limitin tətbiq olunması meşə massivlərinin qırılması və odundan istifadəni ən azı 30 faiz artırıb. Meşələrin kütləvi şəkildə qırılması ekoloji katastrofdur. 
 
Eyni zamanda içməli su böhranının daha da dərinləşməsidir, içməli su resurslarının kəskin azalmasıdır, hava kütləsinin zəhərlənməsidir, bütövlükdə ölkədə aparılan ekoloji siyasətə zərbədir. Göründüyü kimi, bütün iqtisadi, siyasi, sosial, psixoloji amillər qaz və elektrik enerjisinin limitinin aradan qaldırılmasını zəruri edir. Bütövlükdə, limitlərin aradan qaldırılması konkret sahələrin mənafeyinə gətirdiyi "zərər” ölkə maraqlarına verə biləcəyi səmərədən və əhəmiyyətli nəticədən qat-qat aşağıdır. Hər iki sahədə limitin ləğv edilməsi mahiyyət etibarilə aparılan dərin islahatların tərkib hissəsi kimi qəbul edilməlidir”.
 
Qeyd edək ki, ortalama 5 nəfərlik ailənin 90-100 m2 mənzili qızdırması üçün limitli aylıq xərci 80-90 manat, limitsiz 160-180 manatdır. Elektrik enerjisi qış aylarında 30-40 manat, isti aylarda 60-80 manat təşkil edir.
 
RePost.Az

Baxış sayı: 637