Bir qədər əvvəl xəbər portallarının birində belə bir başlıq oxudum: "Deputat istəyinə çatdı, popkorn satıcısı keçiddən çıxarıldı".

 

Son iki gündə bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunduğundan xəbərin içərisini oxumağa lüzum qalmadı. Məsələ belədir: deputat Rasim Musabəyov "Kukla teatrı"nın qarşısındakı yeraltı keçiddə bir yeniyetmənin popkorn satmasına etiraz edib, öz etirazını yeniyetmənin işlədiyi dəzgahda dövlətin elektrik enerjisinin oğurlanması, ətrafa partlamış qarğıdalı qoxusu yayılması, vergilərdən yayınma halı ilə izah edib.

 

Mənim Rasim Musabəyova hörmətim var, yetərincə intellektual və kübar adamdır, bir fərd olaraq şəhər mədəniyyətinin daşıyıcısıdır. Şəhər mədəniyyətinin daşıyıcısı olduğundan onun bu etirazını da, doğrusu, anlayışla qarşılayır və hətta bölüşürəm. Amma məsələ ondadır ki, Rasim müəllim millət vəkilidir, səlahiyyətli şəxsdir. Onun qaldırdığı məsələ bir yeniyetmənin dəzgahının qapadılması ilə bitməməlidir. Niyə?

 

1) Fotolardan da göründüyü kimi, popkorn satan uşaq məktəbli yaşdadır. O, deputat olaraq dayanmalı idi dəzgahın yanında, zəng etməli idi Təhsil naziri Ceyhun Bayramova, ondan həmin əraziyə nazirliyin nümayəndələrini göndərməsini tələb etməli idi. Həmin nümayəndələr araşdırmalı idi ki, popkorn satan uşaq hansı məktəbdə oxuyur, niyə dərsdə deyil? O uşaqdan daha əvvəl onun oxuduğu məktəbin direktorunu tutub qulağından atmaq lazım idi bayıra ki, öz işlərinə belə səhlənkar yanaşdıqları üçün "Elina olayı" yaşanıb bu məmləkətdə.

 

2) Rasim Musabəyov ikinci zəngi etməli idi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə. Həmin nazirliyin əməkdaşları gəlməli, araşdırmalı idilər ki, o uşağın ailəsinin maddi vəziyyəti necədir, hansı qayğılar onu küçələrə salıb. Nazirliyin xətti ilə o ailə himayəyə götürülməli, dövlətin sosial dəstəyi o uşağın valideynlərinə, qardaş-bacılarına yönəldilməli idi. Hər halda, o uşaq ehtiyac içindədir və kefindən dərsdən qalmır, satıcılıq eləmir.

3) Millət vəkili Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin nümayəndələrini tökməli idi ora. Həmin uşaq satıcılıq etdiyi dövrdə xeyli psixoloji problemlərlə üzləşib, öz məktəbli tay-tuşlarından fərqli vərdişlər qazanıb. Ona görə də komitənin nəzarətində olmalı idi.

 

4) Deputat həmçinin Daxili işlər orqanlarına və prokurorluğa məlumat verməli idi. Uşağın qarşısında dəzgah var, onun orada popkorn bişirib satması üçün sərmayə və himayə lazım. O sərmayəni verən o uşağı istismar etdiyi kimi, o yerdə dəzgah işlətməsi üçün də kimlərəsə rüşvət verir. Bu məsələlər də DİN və prokurorluq tərəfindən araşdırılmalı idi.

 

Lakin bütün bunlar olmadı, sadəcə dəzgah qapandı, sadəcə qoxu kəsildi. Əvəzində sosial şəbəkələr qoxuya bürünüb. Və təkcə popkorn qoxusuna yox...

Azərbaycanın erkən parlament seçkilərinə ehtiyacı var!

 

Taleh Şahsuvarlı


Baxış sayı: 3333 | Tarix: 08.05.2019
Bizi Telegramda izləyin: @repostaz