Ağstafa rayonunda 18 yaşı tamam olmayan 4 qadın bir gündə hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayın 23-də rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onların heç birisinin 18 yaşı hələ tamam olmayıb.
 
Ağstafa Rayon Mərkəzi Xəstəxanası şübhəli halla bağlı özü Ağstafa Rayon Polis Şöbəsinə məktubla müraciət edib və məktubda qeyd olunub ki, rayon sakinləri olan 2002-ci il təvəllüdlü Aidə, 2002-ci il təvəllüdlü Ayşəgül, 2001-ci il təvəllüdlü Məleykə və 2001-ci il təvəllüdlü Ayşə hamilə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 2002-ci il təvəllüdlü qızların 17 yaşı hələ tamam olmayıb.
 
Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
 
Qeyd olunub ki, qızlar ailə qurarkən 15-16 yaşlarında olub.
 
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva faktla bağlı Modern.az-a açıqlamasında qeyd edib ki, xəstəxanada ginekologiya şöbəsi yoxdur, doğum şöbəsi var:
 
“Şöbə olmadığı üçün şəxsin hamiləliyin təyin olunması da aparılmır. Bizdə doğuş şöbəsi var, ora da normal doğuşa gələnlər qəbul edilir. 15 yaşlını isə biz doğuşa götürə bilmərik, bu, mümkün deyil. Həm də mümkün deyil ki, 4 nəfər 15 yaşlının hamısı eyni gündə bizə müraciət etsin. Bizdə yalnız normal-9 aylıq doğuşlar aparılır. Onlar da öz qeydiyyatımızda olan vətəndaşlardır. Birmənalı şəkildə belə hal olmayıb”.
 
DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə RePost.Az-a məsələ ilə bağlı açıqlama verib. 
 
Bildirib ki, hadisənin mahiyyəti təhrif olunub:
 
“Xəstəxanaya müraciət edən dörd hamilənin hər biri gənc xanımdır və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər”.
 
DİN rəsmisi qeyd edib ki, bu məsələni yayanlar dəqiq məlumatı müvafiq dövlət qurumlarından, hüquq-mühafizə araşdırıb məsələnin mahiyyətini öyrənməyə çalışsaydılar, belə xoşagəlməz hal yaranmazdı:
 
“Bəziləri bunu təxtribat xarakterli dezinformasiya formasında təqdim edirlər ki, bu, yolverilməzdir. Söhbət, qeyd edildiyi kimi, heç də 14-15 yaşlı qızların deyil, hazırda ailə həyatı qurmuş, hamiləlik dövrü keçirən qadınların rayon xəstəxanasına müraciətindən gedə bilər. Qalan digər məsələlər əsassızdır və təxribat xarakterli dezinformasiyalardır”.
 

Baxış sayı: 2079 | Tarix: 24.05.2019
Bizi Telegramda izləyin: @repostaz