Xəbər verdiyimiz kimi Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı məlumatlar var.
BAKU.WS “sonxəbər”ə istinadən xəbər verir ki, bir nəfər əməkdaşın test nəticəsi müsbət çıxdığından qurumun digər əməkdaşıları da karantinə alınıblar.
Bundan əlavə Kürdəmir rayonunda da yoluxma sayında artım müşahidə edilib.
Rayonlarda COVİD-19-a yoluxma hallarının birdən-birə artmasının səbəbi nədir?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev rayonlarda koronavirusun sürətlə yayılmasına aydınlıq gətirib:
"Virus rayona göydən düşmədi ki. Kimsə gedib orada yaşayan insanları yoluxdurub. Biz həmişə vətəndaşlara deyirik ki, xəstəlikdən qorunun.
İnsanlar bilməlidirlər ki, xüsusən də cavanlar bu xəstəliyi əlamətsiz keçirir. Onlar Operativ Qərargahın tövsiyə etdiyi qaydalara əməl etmədiyinə görə xəstəliyin yayılma ehtimalı var. Gərək insanlar bu qərarların hamısına ciddi surətdə əməl etsinlər.
Bəzi insanlar hesab edirlər ki, virus onlara heç nə etməz, düşünmürlər ki, ətrafdakıları yoluxdura bilərlər. İnsanlar koronavirusa "barmaqarası" baxırlar.
Bu da rayonlarda və ümumi respublikamızda xəstələnmə saylarının artmasıyla nəticələnir".
Baş infeksionist qeyd edib ki, insanlar virusa bundan sonrakı dövrdə səhlənkar yanaşsa, pandemiya uzana bilər:
"İnsanlar qaydalara əməl etməsə, bu virusun "quyruğ"u uzanacaq. Biz ehtimal edirdik ki, havaların isinməsi və insanların əks-epidemik qaydalara əməl etməsi xəstəliyin ölkədən yavaş-yavaş çəkilməsinə səbəb olacaq, lakin onlar buna əməl etmək istəmirlər.
Mağazalara və digər məkanlara gedən zaman maskalı insan görmürük. Metroda da insanların maskasız gəzdiyini görürəm. Bu cür yanaşma ilə epidemiyaya qalib gələ bilmərik".
Məlumdur ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə pandemiya ilə əlaqədar müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmaq qadağan edilir.
Tətbiq olunan həmin komendant saatı insanların yoluxma saylarının aşkarlanmasında yardımçı olur.
Baş infeksionist Cəlal İsayev həmiçinin qonşu ölkələrdəki kimi Azərbaycanda da virusla mübarizədə komendant saatının tətbiq edilməsi məsələsinə aydınlıq gətirib:
"İndiki vaxtda Türkiyədə insanların küçələrə 4 gün çıxmalarına icazə verilmir. Bu, xəstəliyin yayılmasının qarşısının alınmasına kömək olur.
Azərbaycanda həmin rejimin tətbiq olunması ümumi olaraq ölkədəki vəziyyətdən asılıdır. Belə getsə, bizdə də bu rejim, yəni komendant saatı tətbiq oluna bilər.
Həmin rejimin tətbiqi qərardan asılıdır. Hələlik bu səviyyəyə çatmamışıq. Çalışaq ki, verilən tövsiyələrə əməl edək".