“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.
 
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev APA-ya açıqlamasında deyib.
 
O bildirib ki, əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.
 
Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: “Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.
 
Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb: “COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.
 
Əliyev vurğulayıb ki, virus çoxdur və yayılmaqda davam edir: “Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var”.
 
Bəs ölüm halları niyə son zamanlar bu qədər artıqdır?
 
Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibb elmləri üzrə dosent Ədalət Rüstəm “Yeni Müsavat”a bildirib ki, son dərəcə ciddi bir durumdur və insanlar deyilənlərə əməl etməlidirlər:
 
“Mən 15 gün müddətində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul oldum. Həmin müddətdə də, indi də diqqət edirdim ki, insanlar koronavirusa məhəl qoymurlar. Hətta testi pozitiv çıxanlar həkimlərlə dava edirdilər ki, bizi bura nə üçün gətirmisiniz? Yəni adamlar başa düşmürdülər ki, vəziyyətləri ağır olmasa belə, onlar ətrafdakılar üçün təhlükədir və virusu yayırlar. Deyim ki, indiyə qədər Azərbaycanda ölən xəstələrin hamısı ikinci xəstəliklərindən dünyalarını dəyişiblər.
 
Yəni sağlam adam koronavirus tutub deyə vəfat etməyib. Sadəcə olaraq, koronavirus infeksiyası xəstənin əsas xəstəliyini sürətləndirir. İnsan əgər 1 ilə öləcəkdirsə, 2 aya dünyasını dəyişir. Buna görə də dəfələrlə dövlətlər bəyan ediblər ki, xüsusilə də yaşlı insanlar deyilənlərə əməl etsinlər. Təbii ki, gənclər və uşaqlar da qorunmalıdır. Çünki onlar daşıyıcı olub, xəstəliyi daha yaşlılara, digər xəstəliyi olanlara keçirə bilərlər. Bununla da həmin insanların həyatlarına son qoymuş olurlar”.
 
Həkim qeyd edib ki, xəstə sayı artdıqca vəziyyət ciddiləşir: “Reanimasiyalarda yer tapılmır. Bunun özü ciddi haldır. Əgər artım tempi bu cür davam edərsə, o zaman xəstələri saxlamağa yer olmayacaq. Sosial məsafə saxlayıb, əlləri dezinfeksiya etmək lazımdır. Daha nə olmalıdır ki, insanlar buna inansınlar? Dünyada vaksin tapılmasa da, koronavirusu müalicə üsulları mövcuddur. Ümumiyyətlə, vaksin sağaltmaq üçün yox, xəstəliyin qarşısını almaq üçündür.
 
Bu gün müxtəlif dərmanlardan istifadə edilir və hər gün açıqlanan rəqəmlər də realdır. Bildirilir ki, məsələn, 100 xəstə sağalaraq evə buraxılıb. Bu, həqiqətən də, belədir. Plazma üsulu ilə müalicədən də istifadə edilir. Yəni sağalan xəstələrin qanından istifadə edilərək vəziyyəti ağır olanlar müalicə edilir. Ancaq, təəssüf ki, sağalan xəstələr plazma üçün müraciət etmirlər. Onların əksəriyyəti digər xəstələrin sağalmasına yardım göstərmirlər. Bu da məyusedici haldır”.

Baxış sayı: 4473 | Tarix: 03.06.2020
Bizi Telegramda izləyin: @repostaz