Pandemiya qlobal və milli iqtisadiyyatda aktivliyin azalmasına və sərmayə imkanlarının məhdudlaşmasına səbəb olub. Təbii ki, koronavirisun vətəndaşlarımızım sağlamlığına təsirlərini minimumlaşdırmaq üçün tətbiq edilən sosial təcrid tədbirləri eyni zamanda Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür.
Bunu RePost.Az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib. İqtisadçı bildirib ki, praktik olaraq, pandemiya digər ölkələr kimi, bizim iqtisadiyyata da təsir göstərsə də belə Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar post-pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsinə imkan verəcək:
"İqtisadiyyat Nazirliyinin qiymətləndirməsi də göstərir ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəbi son illərdə ölkədə aparılan ardıcıl islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması tədbirləridir. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmağa çalışır".
Millət vəkilinin sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi paket yalnız koronavirusun pandemiya dövrü iqtisadi təsirlərinin minimumlaşdırılmasına deyil, həmçinin strateji olaraq post-pandemiya dövründə real sektorda aktivliyin dəstəklənməsinə xidmət edir: "Bu baxımdan, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi həm pandemiya, həm də postpandemiya dövründə sahibkarlara bu cür güzəştlərdən istifadə etməklə, həm xərclərini minimumlaşdırmaq, həm də iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və təqdim olunan Elektron Kredit Platformasının təqdimatı da bir daha göstərir ki, sahibkarlar yeni dövrdə daha çox dövlət dəstəyindən faydalana biləcəklər. Kreditlərə tətbiq edilən subsidiya mexanizmi 1 milyard manatlıq kredit portfelini əhatə edəcək. Bu istiqamətə 100 milyon manat vəsait ayrılacaq. Bu da imkan verəcək ki, sahibkarlar kredit öhdəliklərini pandemiya dövründə yerinə yetirməkdə çətinliklərlə rastlaşmasınlar. Sahibkarlara bu istiqamətdə həm də vergi güzəştləri də tətbiq olunur. Bu da birbaşa sahibkarların xərclərini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən, sahibkarlara 500 milyon manatlıq güzəştli kredit təklif olunur ki, bunun da 60 faizinə dövlət zəmanət verəcək. Bu imkan verəcək ki, pandemiyanın təsir etdiyi sektorda çalışan sahibkarlar həmin güzəştli kreditlərdən birbaşa faydalana bilsinlər. Bu da onlara kredit əldə edərək öz fəaliyyətlərini genişləndirmək imkanı verəcək. İki formada tətbiq edilən kredit güzəştləri sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi məqsədi daşıyır. Onların kredit resurslarına çıxış imkanları, kredit xərclərinin azalmasına xidmət edir. Bu da ondan xəbər verir ki, pandemiya dövründə sahibkarların birbaşa dövlət maliyyəsi ilə yanaşı, onların xərclərinin azaldılması, eyni zamanda, kredit resurslarına çıxış imkanlarının artırılmasını özündə əks etdirən paket icra olunur".
Vüqar Bayramov deyib ki, pandemiya və neftin qiymətindəki kəskin azalmalar Azərbaycan xarici ticarət dövriyyəsinə və eləcə də tədiyyə balansına təsirsiz ötüşməyib. Pandemiya dövründə həm ixracda, həm də idxalın dəyərində azalmalar qeydə alınıb. Bununla belə, Azərbaycan ixracatı idxalı yenə də üstələyir və bu da xarici ticarətdə müsbət saldonun qorunub saxlanmasına imkan verir. Bu isə ondan xəbər verir ki, pandemiyanın təsirlərinə baxmayaraq hələ də ölkəyə daxil olan valyuta idxal yolu ilə ölkəni tərk edən vəsaitin həcmindən çoxdur.
Millət vəkili bildirib ki, pandemiya iqtisadiyyat üçün yeni çağırışlar yaratdı. Artıq sahibkarlar da yeni texnoloji çağırışlara hazır olmalıdırlar: Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar həm də ölkə iqtisadiyyatında innovasiyanın tətbiqini daha da prioritetləşdirir. Xüsusən də dördüncü sənaye inqilabı ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, Davos İqtisadi Forumunun dördüncü sənaye inqilabı üzrə regional mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı razılığın əldə edilməsi də ondan xəbər verir ki, Azərbaycan innovasiyanı dəstəkləyən, innovativ, eləcə də texnoloji inkişafa töhfə verən ölkələrdəndir. Postpandemiya dövründə ölkəmizdə həyata keçirilən islahatlar texnoloji yeniliklərin dəstəklənməsinə imkan verəcək ki, bu da iqtisadiyyatda innovativ dəyərin çəkisinin artmasına və şaxələndirmə meyillərinin gücləndirilməsinə gətirib çıxaracaq. Bu da növbəti dövrlərdə innovasiyanı daha çox tətbiq edən sektorlardan olan neftdənkənar sahələrin iqtisadiyyatdakı drayver rolunun güclənməsinə səbəb olacaq".
Deputatın sözlərinə görə, bütövlükdə, koronavirus pandemiyasının Azərbaycan vətəndaşına təsirinin minimuma endirilməsi məsələsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarətindədir: "Dövlət başçısının həyata keçirdiyi siyasət bir tərəfdən virusun əhalinin sağlamlığına təsirinin minimuma endirilməsi məqsədini daşıyırsa, digər tərəfdən pandemiyanın sahibkarlara, muzdla işləyənlərə, eləcə də işləməyən vətəndaşlara təsirinin azaldılmasına xidmət edir. Bununla yanaşı, pandemiya ilə mübarizədə vətəndaşların qaydalara əməl etməsi son dərəcə zəruridir. Təəssüf ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra vətəndaşlarda arxayınlıq yarandı. Mövcud şəraitdə hər bir vətəndaşın daha məsuliyyətli olmasına, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi siyasətə daha yaxından dəstək olmasına böyük ehtiyac var. Virusun lokallaşdırılması və onun təsirinin azaldılması hər birimizin qaydalara əməl etməyimizdən asılıdır. Məhz bu zaman pandemiyaya qarşı mübarizədə əldə edilmiş uğurları, pozitiv nəticəni qoruyub saxlaya, virusun lokallaşdırılmasına nail ola bilərik. Bəzi vətəndaşlar tərəfindən qaydalara etinasız yanaşılması diqqətdən yayınmır. Hər birimizin bu qaydalara əməl etməsi vacibdir. Çünki biz tətbiq olunan qaydalara əməl etməklə yalnız özümüzü deyil, yaxınlarımızın, qohumlarımızın, bütövlükdə cəmiyyətimizin sağlamlığına töhfə vermiş oluruq. Koronavirusa yoluxma sayının azalması hər birimizin sosial təcrid qaydalarına əməl etməyimizdən asılıdır. Artıq pandemiya iqtisadi məsələdir, qlobal və milli iqtisadiyyatlara mənfi təsir göstərir. Sosial təcrid qaydalarına əməl edəriksə, bu, karantin dövrünün qısadılmasına, iqtisadi aktivliyin bütün sektorlarda bərpa edilməsinə gətirib çıxara bilər".