Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazələrin verilməsi üzrə elektron sisteminin üstünlükləri onlayn seminarda layihələndirmə təşkilatları üçün nümayiş olunub.
 
RePost.Az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən verdiyi məlumata görə, komitənin İİTKM və Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil etdiyi vebinar iştirakçılarına tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində son illər ərzində aparılan ardıcıl islahatlar və yaradılan yeni imkanlar, icazələrin alınması prosedurunu asanlaşdırmış “Bir pəncərə” elektron sisteminin üstünlükləri barədə ətraflı məlumat verilib.
 
Eyni zamanda, görüşə qatılmış layihələndirmə şirkətlərinə şəhərsalmanın planlaşdırılması, o cümlədən şəhərsalma və tikinti layihələrinin hazırlanması zamanı əvvəlki illərdə baş verilən nöqsanlar, layihələrin keyfiyyətinin artırılması üçün Komitə tərəfindən aparılmış təhlillərin nəticələri və görülməli işlər mövzularında da geniş müzakirələr aparılıb.
 
Azərbaycan Respublikası Prezidentinin 28.12.2018-ci il tarixli müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Komitə tərəfindən yaradılaraq 2019-cu ilin əvvəlində istifadəyə verilən portal (www.birpencere.arxkom.gov.az)ilk növbədə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri, anbar binalarının tikintisi və istismarına icazələrin alınmasına imkan versə də, bu gün sistemin funksionallığı daha da genişləndirilib. Hazırda istifadəçilər “Bir pəncərə” elektron sisteminin imkanlarından yararlanaraq artıq ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektinin istismarına da icazə ala bilərlər.
 
Prosedurların asanlaşdırılması nəticəsində ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 gün, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Ekspertizası tələb olunmayan tikinti obyektləri üçün hər iki icazə ödənişsizdir.
 
Təşkilatçılarla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC və “Azərsu” ASC kimi dövlət qurumlarının əməkdaşlarının da qatıldığı bu vebinar çərçivəsində “Bir pəncərə” sisteminin funksionallığı və icazə proseduru da mərhələlərlə iştirakçılara əyani şəkildə təqdim olundu. Bildirildi ki, Komitə tərəfindən sistemin təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir və ilin sonunadək “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə icazələrin alınması da mümkün olacaq.
 
Bununla yanaşı,istənilən şəhərsalma proseslərinin layihələndirmədən başlandığını nəzərə alaraq, tikintiyə icazə icraatından əvvəl olan hazırlıq mərhələsində layihələndirmə təşkilatlarının məsuliyyəti xüsusi vurğulandı. Ərazi planlaşdırma sənədlərinə və şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət olunma ilk növbədə məhz layihələndirmə təşkilatlarından asılıdır. Bu baxımdan, şəhərsalmanın keyfiyyətinə birbaşa təsir edən əsas amillər sırasında dövlət nəzarətini həyata keçirən orqanların işi ilə yanaşı,tikinti sifarişçilərinin ilk növbədə müraciət etdiyi layihələndirmə təşkilatlarının fəaliyyəti və işlədikləri layihələrin keyfiyyəti qeyd edilib.
 
Görüş zamanı, tikintiyə icazə icraatı çərçivəsində təqdim olunan tikinti layihələrində müntəzəm rastlanan xətalar və layihələrin keyfiyyətinin yüksəldilməsi imkanları istiqamətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müntəzəm aparılan təhlillərin nəticələri təqdim olundu, layihələndirmə təşkilatlarına müvafiq tövsiyyələr verildi. Vebinarda həmçinin, layihələndirmə təşkilatları nümayəndələrinin təklifləri dinlənilərək qeydə alındı, “Bir pəncərə” icazə sisteminin tələblərinə uyğun olaraq layihələrin elektron formatda tərtibi ilə bağlı suallar cavablandırılıb. 

Baxış sayı: 4074 | Tarix: 28.07.2020
Bizi Telegramda izləyin: @repostaz