Sentyabrın 15-dən 165 mindən çox uşaq birinci sinifə qədəm qoyur. Onlar əyani formada təhsil alacaqlar.
 
Ötən illərdən fərqli olaraq bu il pandemiya dövründə Bilik günü də fərqli keçirildi. Bakının bütün məktəbləri kimi Biləcəridə 299 saylı məktəb-liseyində də şagirdlər Bilik gününü tam fərqli olaraq qeyd edirdilər.
 
Birinci sinifə gələnlərin valideynləri məktəbin çölündə gözləyirdilər. Uşaqları isə məktəbə müəllimlər gətirirdilər.
 
Maraqlıdır ki, ötən illərə nisbətən bu il məktəbə gələn uşaqlar arasında ağlayan şagird yox idi. Digər illərdən fərqlənən cəhətlərdən biri də məktəbə gələn uşaqların temperaturlarının ölçülməsi və əllərinə spirt vurulması idi.
 
Bu il məktəbin həkimi də iş başında idi. Hansı şagirddə problem aşkar olunurdusa, həkim yerindəcə müdaxilə edirdi.
 
Məktəbin direktoru Solmaz Kazımova açıqlamasında bildirdi ki, bu il 5 I sinifləri var. Ümumilikdə isə 202 şagird ilk dərsə qədəm qoyur. Məktəbin XI siniflərində isə 79 şagird oxuyacaq. 
 
Təhsil Nazirliyindən bildirilib ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağı gözlənilir.
 
Birinci siniflərdə ümumilikdə 165 min 511, IX siniflərdə 132 min 734, XI siniflərdə isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində 121 min 696 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacaq.

Baxış sayı: 4036 | Tarix: 17.09.2020
Bizi Telegramda izləyin: @repostaz