Dekabrın 4-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər. Ötən gün tarixi abidələrimizdən olan bu məbəddə illərdir ibadət edəcəkləri günü gözləyən udilər işğala son qoyulduqdan sonra ilk ayinlərini icra etmək üçün Kəlbəcərə gəliblər.
 
RePost.Az Azərtac-a istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi işğaldan azad olunan Kəlbəcərdə dağların qoynunda ehtiramla anılıb.
 
İcma nümayəndələri məbəd kompleksə aid kilsədə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının ruhuna dualar oxuyublar. Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.
 
Anım mərasimi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən icmanın sədri Robert Mobili bildirib ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar açıq şəkildə görünür. Bu, monastırın giriş qapısındakı erməni xaçkarlarında və daxildəki bir çox müasir xaç elementlərində özünü büruzə verir.
 
İcma sədri Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin, o cümlədən kilsə, sinaqoq və məscidlərin əsaslı şəkildə təmir olunduğunu diqqətə çatdırdı. Vətən müharibəsi günlərində Qəbələnin Nic qəsəbəsində Müqəddəs Məryəm kilsəsinin bərpasını əks etdirən fotoların Kəlbəcərdəki Xudavəng monastırında göstərildiyini söylədi. Qeyd etdi ki, işğaldan azad olunan ərazilərimizdəki dini məbədlərimiz də bərpa ediləcək və dindarların istifadəsinə veriləcək.
 
Kəlbəcər rayonunda dövlət reyestrindən keçən 35 Alban məbədi var və onların, demək olar, hamısı Ermənistan tərəfindən saxtalaşdırılıb və ya dağıdılıb. Belə ki, alban kilsələrinin memarlıq üslubu, həmçinin onlara aid simvol və elementlər erməni saxtakarlığına məruz qalaraq dəyişdirilib. Qədim Şərq kilsələrindən olan Alban müstəqil kilsələri həm memarlıq üslubuna, həm də xaçın formasına, ibadət dilinə, liturgiyasına görə erməni kilsələrindən tamamilə fərqlənir. Bununla yanaşı, fərqli əlifba, fərqli dildə olan müqəddəs kitablar və apostol xətti də Alban kilsələri ilə erməni kilsələri arasındakı fərqləri açıq-aydın nümayiş etdirir.

Baxış sayı: 4055 | Tarix: 05.12.2020
Bizi Telegramda izləyin: @repostaz