"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov bildirib ki, təqsirləndirilən İsfəndiyar Axundov təkcə, Binəqədi Rayon Məhkəməsində 40-a yaxın iş üzrə cavabdeh şəxs qismində tanınıb.
 
Daha sonra xüsusi ittihamçı Emil Səməndərov ifadə verib.
 
O bildirib ki, 2018-ci ildə onun rəhbəri olduğu “Proqress 2016” MTK-da 141 zərərçəkənin, 3 milyon 100 min manat maddi zərərin olduğu bildirilib, sonradan məlum olub ki, 264 zərərçəkən, 7 milyon 900 min manat maddi zərər var: “Mən son göstərilən maddi ziyandan 5 milyon ödəmişəm. Halbuki bu işin mənə aidiyyəti yoxdur. Amma İsfəndiyar Axundov mənə dələduz deyib. Onun qanun çərçivəsində cəzalandırılmasını xahiş edirəm”.
 
İsfəndiyar Axundov Emil Səməndərova cavab olaraq “Sənin atan və yoldaşın məni məhkəməyə verərək 5 milyon tələb edir”, bildirib.
 
Emil Səməndərov bundan xəbəri olmadığını deyib.
 
Məhkəmə iş üzrə linqvistik ekspertizanın keçirilməsi ilə bağlı tərəflərin fikrini soruşub.
 
Vəkil Asim Abbasov ekspertizaya ehtiyac olmadığını, bunun məhkəmə prosesinin uzadılması ilə nəticələnəcəyini bildirib.
 
İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də bildirib ki, sözügedən ekspertizaya ehtiyac yoxdur: "İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Müvəkkilim tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün onun barəsində xüsusi ittiham qaydasında şikayət edib".
 
Məhkəmə videonun linqvistik ekspertizaya verilməsi ilə bağlı qərar qəbul edib.
 
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
 
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

Baxış sayı: 939 | Tarix: 05.06.2025
Bizi Telegramda izləyin: @repostaz