Qazax raoyonun Əskipara kəndində dörd nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib.
 
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən RePost.Az-a verilən məlumata görə, iyunun 5-də gecə saat 03:00 radələrində Qazax rayonu Əskipara kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər dünyasını dəyişib. İlkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vəliyev Ramal Bəxtiyar oğlu “BMW” markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb.
 
Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.
 
İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.
 
"Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur", DYP-dən bildirilib.

Baxış sayı: 920 | Tarix: 05.06.2025
Bizi Telegramda izləyin: @repostaz