Fevralın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
 
Fevralın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 
Milli Hidrometeorologiya Xidməti həmçinin havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.
 
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
 
Yolların buz bağlayacağı ehtimal olunur.

Baxış sayı: 4112 | Tarix: 21.02.2021
Bizi Telegramda izləyin: @repostaz