Kanal 2005-ci ilin aprel ayından etibarən canlı yayıma başlayıb. Bu günə qədər GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiya ölkələrinə müxtəlif proqramlar yayımlayır.
 
Bəs kanal "Azerspace" peyki ilə yayıma başladıqdan sonra hansı yeniliklər etməyi planlaşdırır? Bu və digər sullarla bağlı GünAz TV-nin təsisçisi Əhməd Obalı Musavat.com-a danışıb:
 
- Gələcəyə yönəlik hansı planlarınız var? Tamaşaçılar kanalınızda hansı yenilikləri görə biləcəklər?
 
- Bildiyiniz kimi GünAz TV-in əsas hədəfi Güney Azərbaycandır. Qarabağ savaşından sonra əsas müşkül məsələmiz var ki, həll olunmayıb. Bu, Güney Azərbaycanda 30 milyon azərbaycanlının taleyi, onların əzilmiş haqq və hüquqları ilə bağlıdır. Əlbəttə ki, "Azərspace" peykində yayımlandıqdan sonra televiziyamızın tamaşaçı auditoriyası daha da genişlənəcək. Bunu da nəzərə alaraq, güneyli-quzeyli Azərbaycanın maraqlarından daha artıq proqramlar hazırlayacağıq. Bildiyiniz kimi, bizim proqramlar, əsasən, tok-şou və yaxud interaktiv telefon vasitəsilə tamaşaçılarla əlaqə üzərində qurulur. Bundan sonra çalışacağıq ki, daha çox azərbaycançılığı, Azərbaycan dövlətçiliyini təbliğ edək, şimal və cənubda daha çox həmrəylik, yaxınlıq yaradılmasına təşəbbüs göstərək.
Heç də gizlin deyil ki, Azərbaycanın ətrafında ölkəmizi sevməyən qonşular var və onlar daim bizim hədəfimizdədir. Güney Azərbaycanda ermənilərə dəstək olub, azərbaycanlıların haqlarını əzənləri hər zaman hədəfə çıxarırıq və bu davam edəcək.
 
- Kanalınızın strateji siyasətində hansısa dəyişiklilər olacaqmı?
 
- Hər hansı bir dəyişiklik olmayacaq. 17 il əvvəl televiziyamız açılanda özümüz üçün bir hədəf götürmüşdük. Bu hədəfimiz də vətənimizə olan sevgini, azərbaycançılığı gücləndirmək, daha da artırmaqdır. Bunun üçün heç bir dəyişiklik olmayacaq. Əksinə, daha intensiv şəkildə bu strategiyanın üzərində işləməyi düşünürük. 
 
- “Azerspace” peyki üzərindən yayımınız Amerikadakı, yoxsa Bakıdakı ofisiniz vasitəsilə həyata keçiriləcək?
 
- Əvvəldən bizim mərkəzi ofisimiz Amerikada olub. Digər ofislərdən proqramlarımız hazırlansa da, Amerikadan yayımlanıb.
 
- Sizin kanalınızda yayımlanan proqramların mövzusu daha çox Güney Azərbaycandan, Təbrizdən olur. Bu mənada İran hökumətinə qarşı sərt mövqedən çıxışlar edirsiniz. “Azerspace” peyki üzərindən yayımınız zamanı bu siyasət davam edəcək? Sizcə, sərt mövqelər indiki həssas durumda İran-Azərbaycan əlaqələrinə təsir göstərə bilərmi?
 
- Əslində, bizim İrana qarşı sərt mövqeyimiz yoxdur. Biz bu günə qədər İran hökuməti tərəfindən Azərbaycana qarşı yönələn sərt mövqelərə cavab vermişik. Yəni sərt mövqe hər zaman onlardan gəlib və hədəfimiz budur ki, onlar yerlərinə çəkilsinlər. Bizim mövqeyimiz yerindədir - dosta dost, düşmənə düşmən olmuşuq. Bildiyiniz kimi, uzun illərdir ki, İranda “Səhər” televiziyası Azərbaycana qarşı sərt, qərəzli mövqe nümayiş etdirir, bəzən məqsədli şəkildə Azərbaycan müxalifətinin bəzi nümayəndələrini öz “tələsinə” sala bilir. Bunun üçün bir daha qeyd edirəm ki, nə qədər İran hökumətində Azərbaycan və azərbaycançılığa qarşı sərt mövqe olacaq, bizim də mövqeyimiz ona uyğun olacaq.
 
Bir məsələni də qeyd etmək istərdim ki, bizim televiziya müstəqil bir qurumdur və heç bir dövlətin və yaxud qurumun, ayrı-ayrı şəxslərin göstərişi, istəyi ilə fəaliyyət göstərmir. Bundan sonra da fəaliyyətimizi bu cür davam etdirəcəyik. "Azerspace" peykinə gəlməyimiz böyük uğurdur və buna çox sevinirik. Əlbəttə ki, buna qədər müxtəlif peyklərlə Güney Azərbaycana sözümüzü yetirmişik. "Azerspace" peykinə gəlməyimiz bizə daha böyük güc verir və buna görə çox təşəkkür edirik!”
 
Qeyd edək ki, GünAz TV-ni aşağıdakı frekansda izləmək mümkün olacaq:
 
Azerspace-1, 46E
Fr: 11093 MHz
Pol: V
S/R: 4445
FEC: 3/4

Baxış sayı: 5328 | Tarix: 19.03.2021
Bizi Telegramda izləyin: @repostaz