İsmayıllı rayonunda bir neçə yataq xəstəsi var ki, şikayətləri həkimsiz qalmalarıdır. Onlar halları pisləşəndə həkimə müraciət etsələr də, ixtisas həkimlərinin ünvanlarına gəlmədiklərini iddia edirlər.
RePost.Az xəbər verir ki, Xəzər TV-nin əməkdaşları məsələnin təfərrüatlarını araşdırıblar.
İsmayıllıda evdə ağır xəstələri olan insanlar ixtisas həkimlərinin evlərinə gəlməmələrindən narazılıq edirlər. Şikayətçilər iddia edirlər ki, bununla bağlı həkimə nə qədər zəng vursalar da, köməklərinə ancaq təcili yardım çatır.
Ofeliya Muxtarova deyir ki, qardaşı uzun illərdir insult xəstəsidir. Qardaşının səhhəti ilə bağlı tez-tez həkimə müraciət etməli olur. Ancaq bu müraciətlərin əksəriyyəti cavabsız qalır.
Gözəl Babayevanın isə həyat yoldaşı illərdir yataq xəstəsidir. Hətta bir neçə ağır əməliyyat da keçirib. Bəzən vəziyyəti ağırlaşır, amma həkimə müraciətləri elə müraciət kimi qalır.
Məsələ ilə bağlı əməkdaşlarımız İsmayıllı rayon Mərkəzi Xəstəxanasının mövqeyini öyrəniblər. Şöbə müdiri Elxan Qasımov bildirdi ki, xəstəxanada çalışan həkimlər bütün çağırışlara vaxtında gedirlər. Ancaq bunun üçün evdəki xəstə vaksinasiya olunmalıdır.
Şöbə müdiri onu da əlavə edib ki, əgər kiminsə bu məsələ bağlı problemi varsa, xəstəxanaya müraciət etsin, onların problemləri yerində araşdırılacaq.