"Mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı. Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mükün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi".
Bunu mətbuata açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrdə, o cümlədən qardaş Türkiyədə yaz aylarında sərt karantin tətbiq olundu. Amma Azərbaycan sərt karantinə getmədən yoluxma sayını optimallaşdıra bildi:
"Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir. Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir.
Təklif edirik ki, seçilmiş ölkələr, o cümlədən bir sıra qonşu ölkələrdən vətəndaşlar COVID-19 testi verməklə Azərbaycana səfər edə bilsinlər. Əgər onların 48 saat ərzində neqativ COVİD testi varsa, Azərbaycana səfər etmək imkanı əldə etsinlər.
İqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumşaldılmasının mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun olardı. Uzun müddət müzakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğru olardı".