Xəbər verildiyi kimi bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçiriləcək və gündəliyə çıxarılan məsələlərdən biri muxtar respublikanın konstitusiyasına dəyişikliklərin edilməsidir. Gözlənilir ki, bu dəyişikliklər Naxçıvan Ali Məclisinin sədrinin eyni zamanda Azərbaycanın vitse-prezidenti vəzifəsini tutmasının konstitusion yolunu açacaq.
 
Bəs Naxçıvan konstitusiyasına əlavə dəyişikliklərin hansı prosedura var?
 
Virtualaz.org konstitusiya hüququ üzrə mütxəssislərə istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasnın Ali Məclisində azı 35 səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.
 
Bu zaman nəzərə almaq lazımdır ki, Naxçıvan Konstitusiyasma dəyişikliklər və əlavələr haqqında təklif muxtar respublikanın Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir.
 
Üçüncü mərhələdə Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra müvafiq tutulmuş qaydada, Naxçıvan Ali Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur. Bu zaman nəzərə alınır ki, əlavə və dəyişikliklər Naxçıvan Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
 
Azərbaycan Konstitusiyasının 96-cı maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdikləri qanun və ya qərar layihələri təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır. Belə qanun və ya qərar layihələrində dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər. Yəni indiki halda Milli Məclisə Naxçıvan Konstitusiyasında dəyişikliklərə dair hansı mətn daxil olacaqsa o, müzakirəyə və səsverməyə çıxarılacaq. Naxçıvan Ali Məclisinin icazəsi olmadan Milli Məclis həmin düzəliş paketinə dəyişiklik edə bilməz.
 
RePost.Az

Baxış sayı: 3960 | Tarix: 23.02.2017
Bizi Telegramda izləyin: @repostaz