Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən RePost.Az-a bildirilib ki, sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı DSX-nin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.
Taktiki təlimdə DSX-nin Sahil Mühafizəsinin müasir naviqasiya və radiotexniki avadanlıqlarla, silah sistemləri ilə təchiz edilən sərhəd gözətçi gəmiləri, DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkarlanması və müəyyənləşdirilməsi üzrə xüsusi avadanlıqlar, dəniz kampaniyasına yeni qəbul edilmiş müşahidə, aşkaretmə təyinatlı sualtı aparatlar, yerüstü və dəniz əməliyyatlarında tətbiq üçün itisürətli amfibiya qayıqlar istifadə olunub.
Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı DSX-nin Sahil Mühafizəsinin və Xüsusi Hava Əməliyyatları Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi, enerji infrastrukturlarının mühafizəsi üzrə birgə sərhəd-axtarış əməliyyatlarının aparılması, enerji infrastrukturlarının mühafizəsi zamanı suüstü və sualtı hədəflərin aşkarlanması və məhv еdilməsi, sahildə və dənizdə aşkarlanmış təxribat qruplarının zərərsizləşdirilməsi, saxlanılmış gəmiyə əsaslı baxışların keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.
DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından dəniz və sahil hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi elementləri yüksək dəqiqliklə icra olunmuşdur.
Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilmiş, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edmiş, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən olduğunu vurğulamış, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar vermişdir.